Rəsmi Bakıdan Moskvaya etiraz

resmi-bakidan-moskvaya-etiraz
Oxunma sayı: 1420

“Cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında   RF-nin icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan XİN Rusiya XİN-ə öz narazılığı və hiddətini bildirdi.

“Lazarev klubu”nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair RF XİN-in mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar.

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq. Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”.