Rəsmi Kreml “İskəndər” mövzusunda yenə susdu

Rəsmi Kreml “İskəndər” mövzusunda yenə susdu
Oxunma sayı: 2286

“Kreml hələ də Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda tapdığı “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqları barədə məlumata sahib deyil”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İskəndər”lə bağlı növbəti açıqlamasında bildirib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”,- deyə Kreml rəsmisi jurnalistlərin sualına cavabında qeyd edib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində “İskəndər” raketlərinin qalıqlarının tapıldığını açıqlayıb. Parçaların Şuşa şəhərində 15 mart 2021-ci il tarixində ərazilərin minalardan təmizlənərkən tapıldığı qeyd olunub. Daha sonra KİV-də raketlərin quyruq hissələrini və işarələri olan parçaları göstərən fotolar yayımlanıb.

25 fevralda Rusiya Müdafiə Nazirliyi “İskəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığını bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi.

Dmitri Peskov isə daha öncə verdiyi açıqlamada Kremlin Şuşaya “İskəndər”in atılması xəbərindən məlumatsız olduğunu bildirmişdi.

Bu məqamda qeyd edək ki, bir qrup azərbaycanlı jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək “İskəndər”lə bağlı faktın tam və hərtərəfli təhqiqatının aparılmasını istəyib.