Rəsmi Moskvadan Navalnı ilə bağlı Avropaya sorğu

resmi-moskvadan-navalni-ile-bagli-avropaya-sorgu
Oxunma sayı: 1132

Rusiya Baş Prokurorluğu müxalif siyasətçi Aleksey Navalnının toksikoloji analizlərinin tədqiqatlarının Rusiya ərazisində aparılması tələbi ilə Avropaya sorğu göndərib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, yeni müraciətdə xarici mütəxəssislər tərəfindən Navalnının biomateriallarının toksikoloji tədqiqatlarının Fransa və İsveçdə yenidən aparılması istənilib. Rusiya tərəfi bununla bağlı hər iki ölkənin səlahiyyətli orqanlarına sorğu göndərib.

Baş Prokurorluq onu da əlavə edib ki, daha əvvəl Almaniyaya göndərilən hüquqi yardım tələbləri hələ də yerinə yetirilməyib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.