“ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyət daşıyır və tərəfləri problemi sülh yolu ilə həll etməyə kömək etməyə hazırdır”. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent jurnalistlərə açıqlamasında bildirib.
“Tərəflər arasında liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsindən məmnunluq duyuruq. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün razılığa gəlib. Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın XİN rəhbərlərinin son görüşündə razılıq əldə olunub”, - deyə o, vurğulayıb.
Dövlət Departamentinin sözçüsü ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti mümkün görüşündən də danışıb: “Növbəti görüşə gəldikdə, mən məkanla bağlı qərar verdiyimizi deyə bilmərəm. Lakin əmin olun ki, ABŞ öz öhdəliklərini ciddi şəkildə yerinə yetirir. Biz münaqişənin sülh yolu ilə həllinə gətirib çıxaracaq bir prosesi dəstəkləmək istəyirik. Tərəflərə münaqişəni sülh yolu ilə həll etməyə kömək etmək üçün sadiq qalırıq”.
Son xəbərlər
Son Xəbərlər