“Restoran və kafelərin qapısını açıq görmək hər birimizdən asılıdır”

restoran-ve-kafelerin-qapisini-aciq-gormek-her-birimizden-asilidir
Oxunma sayı: 3367

Məlum olduğu kimi, ölkəmizdəki hazırkı sanitar-epidemioloji vəziyyətə, koronavirusa yoluxmaların dinamikasına uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə başlanılıb. Artıq karantin rejiminin tələblərinə əsasən müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin açılmasından sonra, açıq hava məkanında ictimai iaşə müəssisələrin fəaliyyətinə də icazə verilməsi gözlənilir. Göründüyü kimi, pandemiya məhdudiyyətləri mərhələli şəkildə yumşaldılır. Davamlılığı isə, hamımızdan asılıdır.

"Qafqazinfo" xəbər verir ki, indiyədək görülən işlər, infeksiyanın yayılmasının məhdudlaşdırılması tədbirləri müsbət nəticəsini göstərir. Artan sosial məsuliyyət, dövlət-vətəndaş tərəfdaşlığı, dövlət və ictimai nəzarətin təşkili yumşalmalar üçün zəmin yaradır.

Yeri gəlmişkən, fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlarla maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır.

 Yumşalma hələ son deyil...

Yumşalma prosesi hələ pandemiyanın başa çatması demək deyil. Necə deyərlər, yoluxma təhlükəsi davam edir. Bununla belə, son günlərin dinamikası çətinliklərin aradan qalxacağına ümidləri artırır. Arzularımızın reallığa çevrilməsi isə sosial məsuliyyətdən, birbaşa özümüzdən asılıdır. Çox sadə qaydalara əməl etməklə, Yeni Həyat Tərzinə uyğunlaşmaqla pandemiyadan irəli gələn məhdudiyyətlərin azalmasına dəstək ola bilərik. Unutmamalıyıq ki, yoluxma və aktiv xəstə sayı kifayət qədər azalsa, digər məhdudiyyətlər də yumşaldıla və ya tamamilə aradan qaldırıla bilər.

Harda dincəlmək olar… Restoranda

Pandemiyadan hamımız yorulmuşuq. Yaxınlarımızla, əzizlərimizlə görüşmək, əlamətdar hadisələri qeyd etmək istəyirik. Üz tutacağımız məkanlardan biri də ictimai iaşə obyektləridir.
Restoranların, kafelərin qapısını açıq görmək isə, hər birimizdən asılıdır. İnsanların sıx toplaşmasının xəstəliyin yayılmasının genişlənməsinə təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində vacib olan qaydalara mütləq əməl etməliyik. Necə deyərlər, vətəndaşlar davranışlarını, sahibkarlar isə fəaliyyətlərini Yeni Həyat Tərzinə uyğun qurmalıdır. 

Bu prosesdə sahibkarların üzərinə düşən öhdəliklərə əməl etməsi ilə yanaşı, ictimai nəzarətin təmin olunması da xüsusi əhəmiyyət kəsb edir. 

İctimai iaşənin dirçəliş düsturu –Yeni Fəaliyyət Qaydaları 

Düstur isə, sadə və aydındır - Yeni Həyat Tərzinə uyğunlaşmaq, tələb olunan qaydalara əməl etmək!.

Belə ki, restoran və kafe sahibləri nəzərə almalıdırlar ki, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır. Aydındır ki, ümumi vasitələrin istifadəsi xəstəliyin yayılma riskini artırır. Hər masada spirt tərkibli dezinfeksiyaedici məhlulun da yerləşdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Sahibkarlar restoran və kafelərdə mütəmadi dezinfeksiya işlərinin aparılmasını təmin etməlidirlər. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda ventilyatorlardan istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə, məsələn, giriş-çıxışlarda, kassalarda, iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. İşçi heyət də hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Onların dəyişəkli təmiz iş geyimi olmalı və gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Müştərilərə səsucaldıcı vasitə ilə pandemiya şəraitində davranış qaydaları çatdırılmalıdır. 

Heç şübhəsiz ki, qaydalara əməl etmək həm müştəri məmnunluğu yaradacaq, həm də ictimai iaşə obyektinə fayda gətirəcək. Qazanan isə hamımız olacağıq – bizim sağlamlamlığımız qorunacaq, sahibkar isə gəlir əldə edəcək.

Elə isə, gəlin Yeni Həyat Tərzinə və Yeni Qaydalara uyğunlaşaq.