Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki dəmiryolçuların mədəniyyət və istirahət parkında qoyulmuş büstü söküləcək. Qeyd edək ki, üç aya yaxındır ki, büstün başına torba keçirilib. “Qafqazinfo” xəbər verir ki, şəkilləri çəkib “Yeni Müsavat”a yollayan Gəncə sakini Azər Allahverdiyev deyir ki, abidənin taleyi ilə bağlı rəsmi hər hansı bir məlumat verilmir. Onun sözlərinə görə, büstün yerləşdiyi parkda böyük çay evi tikilir və güman olunur ki, büstü çayxanaya görə sökəcəklər.
Daha sonra Gəncə sakini yazır: “Prezident İlham Əliyev Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibəti ilə sərəncam imzalayanda bir vətəndaş kimi çox sevindim. Təəssüflər olsun ki, bu sərəncamı icra etmirlər. Hətta Məmməd Əmin Rəsulzadənin yubileyi münasibəti ilə anım mərasimi keçirən insanlara da təzyiq göstərirlər. 130 ilik yubileyi münasibəti ilə anım mərasimi Gəncə şəhərində də keçirmək istədik. Anım mərasimini keçirərkən Gəncə Şəhər Polis İdarəsinin işçiləri tərəfindən vətəndaşlara qarşı müxtəlif təzyiqlər oldu. Polislər bizə bildirdilər ki, burda anım mərasimi keçirmək olmaz. Siz gedin Rəsulzadənin Ankaradakı məzarı üstündə tədbir keçirin”.
Qeyd edək ki, Gəncədə ötən əsrin 36-cı illərində salınan dəmiryolçular parkı son vaxtlaradək ərazidə yaşayan əhalinin və şəhərə gəlib-gedən qonaqların ən sevimli istirahət yeri olub. Müəyyən dövrlərdə bu parkın ərazisində təmir işləri də aparılıb, yaşıllığına qayğı da göstərilib. Ancaq son 20 ildir ki, parkın taleyi özbaşına buraxılıb. İşçiləri ixtisar edilib. Əsasən qocaların və uşaqlı qadınların üz tutduğu park getdikcə insan nəfəsindən uzaqlaşıb. Təmirlə bağlı məsələ qaldırılsa da, hər dəfə Azərbaycan Dəmir Yolları QSC-dən təmir üçün vəsait olmadığı deyilib.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən rəsmi mövqe almağa çalışsaq da, ünvanladığımız suallar cavabsız qaldı.
Son xəbərlər
Son Xəbərlər