“Rəvan” UEFA Gənclər Liqasında- - Fotolar

revan-uefa-gencler-liqasinda-
Oxunma sayı: 2026


“Qafqazinfo” xəbər verir ki, “Rəvan”ın 19 yaşlılardan ibarət komandası bu il Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

UEFA U-19-lar arasında Gənclər Liqasının keçirilməsinə 2013/14 mövsümündən başlayıb və ilk çempion “Barselona” olub. Sonuncu mövsümün qalibi adını isə “Çelsi” klubu qazanıb.

UEFA Gənclər Liqasının yeni movsümünün təqvimi artıq bəllidir. Azərbaycan klubunun ilk dəfə mübarizə aparacağı yarış sentyabrın 15-də start götürəcək. Həmin gün Çempionlar Liqasının qrupunda çıxış edən 32 komandanın U-19 təmsilçiləri mübarizəyə qoşulacaq.

“Çempionlar yolu” ilə qüvvəsini sınayacaq komandalar ilk oyunlarına sentyabrın 30-da, cavab matçlarına isə oktyabrın 21-də çıxacaq. Növbəti raundun qarşılaşmaları isə noyabrın 4-də və 25-də keçiriləcək. Bu 2 mərhələni keçən klublar 2016-cı ildə pley-offda oynamaq hüququ qazanacaq.

Ümumiyyətlə, 2014/2015-ci il futbol mövsümü “Rəvan” Futbol Akademiyası üçün əlamətdar olub. Fizuli Məmmədovun baş məşqçisi olduğu U-19 komandası AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi adını qazanmaqla ölkəni UEFA Gənclər Liqasında təmsil edəcək. Mövsüm ərzində keçirdiyi 30 oyundan 24-də qalib gəlib 74 xal toplayan “sarı-qırmızılılar”ın top fərqi isə bu cürdür: 91:21.

Mayın 26-da AFFA-nın inzibati binasında U-19 Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Qara Qarayev təqdim ediblər.

2014/2015-ci il üzrə U-19 Liqasının qalibi olan “Rəvan” komandası kubok, medal və diplomlarla təltif olunub. Həmçinin U-19 Liqasının 2014/2015-ci il mövsümünün ən yaxşı oyunçusu adına “Rəvan”ın hücumçusu Əlibəy Məmmədli layiq görülüb. Başa vurduğumuz çempionatda 22 qolla diqqətləri üzərinə çəkən istedadlı futbolçu ötən mövsüm U-17 Liqasındada iştirak edən məşqçilər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən ilin ən yaxşı oyunçusu seçilmiş və "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu DuaytYorkla birgə məşq etməklə təltif edilmişdi.

2014/2015-ci il üzrə U-19 Liqasının ən yaxşı bombardiri də “Rəvan”ın futbolçusu seçilib. 27 qol vuran hücumçumuz Elgün Nəbiyev öz adından söz etdirməyi bacarıb.

“Rəvan” Futbol Akademiyasının digər uğuru U-14 komandası ilə bağlıdır. Mayın 25-də keçirilən oyunlarla AFFA-nın təşkil etdiyi U-14 Liqasında 2014/15 mövsümünə yekun vurulub. Öncə III yer uğrunda görüş baş tutub və burada “Rəvan” futbol klubu ilə “Neftçi” futbol klubu üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn komanda üzvləri bürünc medallara sahib çıxıblar.

Mayın 28-də isə “Rəvan” futbol klubunun sponsoru “Nurgün” Şirkətlər Qrupu ilə komandanın üzvləri arasında görüş təşkil edilib. AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olan komanda üzvlərinin çempionluğu qeyd olunub.

Görüşdə “Rəvan” futbol klubu nun sponsoru “Nurgün” Şirkətlər Qrupunun rəhbər şəxsləri, klub rəsmiləri, məşqçi, texniki və inzibati heyət üzvləri iştirak ediblər.

“Rəvan” futbol klubunun vitse-prezidenti İlqar Axundov gənc məşqçi Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektivi təbrik edib, əldə olunan çempionluğun klub və Azərbaycan üçün önəmli olduğunu söyləyib. “Sarı-qırmızılılar”ın U-19 Liqasının qalibi olmaqla, UEFA Gənclər Liqasına vəsiqə qazandığına diqqət çəkən İ.Axundov, bunun məsuliyyətini dərk etdiklərini, futbolçuların daha da yaxşı çalışmalı olduqlarını qeyd edib və gənclərə gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşün sonunda komanda üzvləri “Nurgün” Şirkətlər Qrupunun xüsusi mükafat və hədiyyələri ilə təltif edib. Daha sonra isə xatirə şəkli çəkdirilib.