RİİB sabahdan yardım kampaniyasına start verir

riib-sabahdan-yardim-kampaniyasina-start-verir
Oxunma sayı: 3969

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir. 

"Qafqazinfo" xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.

Humanitar yardım göstərmək istəyən şəxslər pul vəsaiti istisna olmaqla, yalnız ilkin tələb olunan ləvazimatları qeyd edilən ünvana təhvil verə bilər. RİİB könüllüləri tərəfindən əhalidən toplanan yardım daha sonra Türkiyədə fəlakət zonasına göndəriləcək. 

Yardım kampaniyası ilə əlaqədar yaranan suallarla bağlı İctimai Birliyin “150” nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım da göndərilir.