Riyaziyyat müəlliməsinin qulluqçu işləməsi...

riyaziyyat-muellimesinin-qulluqcu-islemesi
Oxunma sayı: 3291




Efirə çıxmağa başlayandan sonra tez-tez müxtəlif adamlar iş üçün mənə müraciət edirlər. Aydın məsələdir ki, nadir hallarda kiməsə kömək edə bilirəm. Özüm düz-əməlli iş tapa bilmədiyim halda, başqalarına necə yardım edə bilərəm?

Bir neçə gün əvvəl tanımadığım nömrədən telefonuma zəng gəldi. Telefonu tələbə yoldaşımdan aldığını deyən bir qadın xahiş etdi ki, iş tapmaqda ona kömək edim. Konkret cavab verməyə çətinlik çəkdiyimi görəndə əl-ayağa düşdü: “Həyat yoldaşım iki il əvvəl bizi atdığı üçün 3 uşaqla damın altında tək qalmışam. Qulluqçu işləməyə də razıyam, təki balalarıma bir tikə çörək qazanım”.

Bir qədər sorğu-sualdan sonra məlum oldu ki, iş üçün mənə müraciət edən bu qadın əslən ölkəmizin qərb rayonlarının birindəndir. Həyat yoldaşı onları atıb gedəndən sonra uşaqları ilə birlikdə Bakıya köçərək, Mərdəkanda məşhur bir iş adamının bağında yaşayıb. Dedi ki, toyuq-cücə saxlayıb, mal-qaraya baxdığı üçün bu günə kimi dolanışıq sarıdan heç bir problemi olmayıb. Amma bağın sahibi iflas olduğu üçün evi satmaq məcburiyyətində qalanda, o, uşaqları ilə birlikdə Bakıda yaşayan bacısının darısqal mənzilinə sığınıb. Başına gələnləri danışıb qurtarandan sonra belə dedi: “Müəllim, Sizin dost-tanışınız çoxdur. Birinə deyin, məni evinə qulluqçu götürsün. Mən təmizkar qadınam, onun evini par-par parıldadacağam”.

Tanımadığım, halına-xasiyyətinə bələd olmadığım, üzünü görmədiyim bir insan üçün kiməsə ağız açmağın doğru iş olmadığını bilsəm də, bu gözəl bayram günlərində zavallı bir qadına kömək etmək məqsədilə “Gənclik” metrosunun yaxınlığında, Teymur Əliyev küçəsində yaşayan köhnə tanışlarımdan birinə zəng vurdum. Cavabı qısa oldu: “Yaxşı qulluqçuya həmişə ehtiyac var. Sabah günorta onu da götürüb bizə gələrsən. Həm söhbət edər, həm də viski içərik”.

Ertəsi gün nahar vaxtı onun beşmərtəbəli villasının qabağında idik. Həyətdə gəzişdiyi üçün qapını özü açdı. Biz əvvəllər olduğu kimi yenə çox mehriban görüşdük. Ayaq üstdə bir qədər hal-əhval tutandan sonra qabağa düşdü: “Qonaq otağına çıxacağıq. Süfrə hazırdır”.

Adama bir qədəh viski içəndən sonra tanışım utandığından qarşısındakı çaya toxunmayan qadını sorğu-sual etməyə başladı:

- Xanım, əvvəllər harda işləmisiniz?

- Mərdəkanda bir iş adamının bağında yaşamışıq. Həyət-bacadan göz-qulaq olmuşam.

- Əlinizdən hansı iş gəlir?

- Kənddə olanda da, Mərdəkanda yaşayanda da çoxlu toyuq-cücə saxlamışam, mal-qaraya baxmışam.

Bir andaca tanışımın sifətinin ifadəsi dəyişdi: “Mən villamda mal-qara saxlamıram. Bizim ətimiz rayondan gəlir”.

Biz adama bir qədəh də viski içəndən sonra sorğu-sual davam elədi:

- Ali təhsiliniz var?

- On birinci sinfi bitirmişəm.

- Xarici dil bilirsiniz?

- Yox.

- Hansısa musiqi alətində ifa etməyi bacarırsınız?

Qadın çiynini çəkdi. Özümü saxlaya bilmədim: “Bu yazığın musiqidən başı çıxsaydı, qulluqçu işləməzdi, gedib Konservatoriyada dərs deyərdi”.

Görünür, tanışım belə iradları tez-tez eşitdiyi üçün halını pozmadı. Biz üçüncü qədəhi də boşaldandan sonra o, aram-aram danışmağa başladı: “Qulluqçunun işi təkcə yemək bişirmək, qab yumaq deyil. O, boş vaxtlarında uşaqların dərslərinə kömək etməli, onlara xarici dil öyrətməli, müsiqi zövqünü formalaşdırmalıdır. İndi Bakıda heç bir milyonçu evində savadsız qulluqçu saxlamır”.

Təəccüblə ona baxdığımı görəndə “Şəfiqə, Şəfiqə” deyərək, qonşu otağa boylandı. Cəmi bir neçə dəqiqə sonra təxminən 45-50 yaşlarında səliqə ilə geyinmiş bir qadın gəlib qarşımızda dayandı. Tanışım ağzındakı tikəni çeynəmədən udub, bizi tanış elədi: Şəfiqə xanım ali təhsilli riyaziyyat müəlliməsidir. Dörd ildir bizim evdə işləyir. Həm ev-eşiyi səliqəyə salır, həm də uşaqların dərslərinə kömək edir. İki nəvəm var. Onun sayəsində uşaqların ikisi də əlaçıdır”.

Jurnalist marağı güc gəldiyi üçün bu sualı verməkdən özümü saxlaya bilmədim: “Müəllimə, niyə öz ixtisasınıza uyğun işləmirsiniz?”

Tanışım ondan əvvəl dilləndi: “Çünki dövlət müəllimə 200 manat maaş verir. Mən isə ona ayda 800 manat verirəm”.

Şəfiqə müəllimə utandığından başını aşağı saldı. Söhbətə mən nöqtə qoydum: “Müəllimə, başınızı dik tutun. Qoy sizi qulluqçu işləməyə vadar edən adamlar utansınlar”.

P.S.Biz həyətə düşəndə tanışım mənimlə birlikdə gələn qadını Xızıdakı fermasında işə düzəltməyə hazır olduğunu bildirdi. Amma o, kənddə yaşamaq istəmədiyini deyərək, bu təklifdən imtina etdi.