Rövnəq Abdullayev tələbələrə təqaüd verdi

rovneq-abdullayev-telebelere-teqaud-verdi
Oxunma sayı: 923



“Qafqazinfo” xəbər verir ki, ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, iclasda çıxış edən şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov ARDNŞ-nin istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramının həyata keçirdiyini deyib. Bildirilib ki, 2013-cü il fevralın 17-də Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilmişdir. Müsabiqədə ali məktəblərin bakalavr pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər.

İclasda məlumat verilib ki, bu tədris ilində ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2357 tələbədən 1975-i müsabiqədə iştirak etmək hüququ qazanıb, onlardan 1639-u test imtahanına buraxılıb. Mayın 4-də müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilmiş və ixtisas qrupları üzrə müvafiq keçid balı toplayan 280 namizəd “Daxili təqaüd Proqramı”nın müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibələr mayın 19-dan iyunun 2-dək ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən keçirilib və nəticədə 126 təqaüdçü seçilib.

Bu il ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət edənlər arasında Azərbaycan Dövlət Neft Akademiyasının, Qafqaz Universitetinin və İqtisad Universitetinin tələbələri çoxluq təşkil edib.