Rövnəq Abdullayev Türkiyədən vəsiqə aldı

rovneq-abdullayev-turkiyeden-vesiqe-aldi
Oxunma sayı: 635

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyə və Azərbaycanın rəsmi şəxslərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bildirilib ki, Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş yeni “Təşviq Qanunu” çərçivəsində bu ölkəyə sərmayə yatıran ən böyük şirkətlərə vəsiqələrin verilməsinə başlanılır.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan ilk vəsiqənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verildiyini elan edib və sənədi Şirkətin prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Nazir öz çıxışında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 25 oktyabr 2010-cu il tarixində İzmirin Əliağa bölgəsində təməli qoyulmuş “STAR” Neft Emalı Zavodunun iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. O, ARDNŞ-nin inşa edəcəyi bu zavodun “Petkim” Petrokimya Holdinqinin perspektiv inkişafı və Türkiyə iqtisadiyyatının daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“SOCAR-Turkey Enerji A.Ş.” müəssisəsinin rəhbəri Kənan Yavuz ARDNŞ-nin idarəçiliyində uğurlu fəaliyyət göstərən “Petkim” Petrokimya Holdinqinin genişlənməsi istiqamətində görülən tədbirlərdən danışmış, qeyd edib ki, ildə 10 milyon ton xam neft emal etmək gücünə malik yeni NEZ “Petkim”in xammaldan asılılığını aradan qaldıracaq, məhsuldarlığını və rəqabət gücünü bir neçə dəfə artıracaq.

Onun sözlərinə görə, ARDNŞ-nin məqsədi Petkim yarımadasını Türkiyənin neft emalı- neft kimyası- enerji-logistika inteqrasiyasına sahib olan örnək bir istehsal kompleksinə çevirməkdir və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Azərbaycan təbii qazının Türkiyəyə, oradan da Avropa Birliyi ölkələrinə nəql edilməsi məqsədi ilə inşa olunacaq TransAnadolu (TANAP) qaz boru kəməri layihəsindən söz açan K.Yavuz qeyd edib ki, bu layihə ilə birlikdə 2008-2018-ci illərdə ARDNŞ-nin Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın ümumi həcmi 17 milyard dollara çatacaq, bununla da ARDNŞ qardaş ölkənin iqtisadi tarixində ən böyük real investor olacaq.