Ruhani ikinci dəfə üzr istədi

ruhani-ikinci-defe-uzr-istedi
Oxunma sayı: 2669

İran Prezidenti Həsən Ruhani ölkənin hərbi qüvvələrinin Ukrayna təyyarəsini səhvən vurduqlarını gec etiraf etdikləri üçün üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Ruhani bu gün İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

“Mən gecikməyimizə və tonumuza görə üzr istəyirəm. Mən xalqın xidmətçisiyəm, onlarla təvazökarcasına və dürüst danışmalıyam. Həm də insanlar təhlükəsizlik qüvvələrinin heç nəyi gizlətmədiklərini dərk etməlidirlər”, -deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, məhkəmə, hərbi qüvvələr və hökumət araşdırma üçün bir araya gəlməli və nəticələri dünyaya təqdim etməlidir.

O, həmçinin İran Silahlı Qüvvələrindən Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı daha çox məlumat verməsini tələb edib: “Mən istərdim ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı tədqiqatın bütün təfərrüatını xalqa açıqlasın”.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran hadisədən 3 gün sonra, yanvarın 11-də təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə Həsən Ruhani arasında telefon danışığı olub. Söhbət əsnasında Ruhani Ukraynanın sərnişin təyyarəsinin ölkəsinin hərbçiləri tərəfindən vurulmasına görə üzr istəyib. O, Ukrayna xalqına və həlak olanların ailələrinə başsağlığı verərək faciənin İran ordusunun səhv hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.