Ruhaninin səfəri nəyi dəyişdirəcək?

ruhaninin-seferi-neyi-deyisdirecek
Oxunma sayı: 1475

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İran prezidenti Həsən Ruhaninin Bakı səfərini şərh edib.

O “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, İran prezidenti Həsən Ruhani martın 28-də Bakıya siyasi məsələləri, Xəzərin statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün gəlməmişdi: “İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur. Bəli, Həsən Ruhani Bakıdakı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini dedi, ancaq o İranın münaqişənin həllində fəallaşmasıyla bağlı heç bir təklif səsləndirmədi. İranın Xəzərin statusuyla bağlı mövqeyi də dəyişməyib, Tehran dənizin bərabər hissələrə bölünməsi prinspindən geri addım atmayıb. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də həlli mümkün olmayan mövzulara Bakıda toxunulmadı.

 Həsən Ruhani Bakıda şimal-cənub nəqliyyat xəttini və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməyə gəlmişdi. İran-Azərbaycan münasibətləri tarixində bu bir yenilikdir. İrana heç bir dövlət böyük investisiya qoymur. Azərbaycan Astara-Rəşt yolunun tikintisini sürətləndirmək üçün ona görə İrana 500 milyon dollar kredit ayırıb ki, bu layihə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verir. 
Azərbaycanın iki məqsədi var: Birincisi, şimal-cənub dəhlizi Azərbaycanın bölgədəki rolunu və gəlirlərini artıracaq. İkincisi, rəsmi Bakı bu nəqliyyat dəhlizi vasitəsilə Ermənistanın təcridini gücləndirəcək. İranın da iki məqsədi var: Birincisi, İran bu dəmiryolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazanacaq, bu xəttin Bakı-Tiflis-Qars dəmiryoluna birləşməsi də mümkündür. İkincisi, Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcək. Beləliklə, İran isə özü təcriddən çıxmağa çalışır. Demək, şimal-cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyəti kəsb edir. Bu arada, Ermənistanda İranın siyasətindən narazılıq artır. Ermənistanın hakim Respublika Partiyasının üzvü, deputat Miqran Akopyan deyib ki, Tehran illərdir Ermənistana ucuz qaz satacağını bildirir, ancaq indiyənə qədər bu vədini yerinə yetirməyib. Bu sözləri Ermənistanın infrasturktur və təbii resurslar naziri Aşot Manukyan da təsdiq edib. Doğrudur, nazir birbaşa İranın adını çəkməyib, ancaq deyib ki, ucuz qazı yalnız Rusiyadan alırlar, başqa ölkə Ermənistana ucuz qaz satmırlar. 

Ermənistanın İrandan narazı qalmasının səbəbi sadədir. İran iqtisadi potensialı zəif olan Ermənistana ucuz qaz satmaq istəmir və bu ölkə ilə böyük layihələri yoxdur.

 İran son illər əsas iqtisadi və ticarət münasibətlərini Azərbaycanla və Azərbaycan üzərindən reallaşdırmağa çalışır. İranla Azərbaycan arasında artan iqtisadi əlaqələr və birgə layihələr tədricən Tehranın Ermənistan siyasətini də dəyişdirməlidir. Hər halda buna ümid edirik”.

 Günel Türksoy