Rus deputat “sürücülük vəsiqəsi 16 yaşda verilsin” dedi, tənqid olundu

rus-deputat-suruculuk-vesiqesi-16-yasda-verilsin-dedi-tenqid-olundu
Oxunma sayı: 769

Rusiya Dövlət Dumasının deputatı Vasili Vlasov Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Baş İdarəsinin rəhbəri Mixail Çernikova sürücülük vəsiqəsi üçün yaş məhdudiyyətinin azaldılması təklifi ilə müraciət edib. Bu isə ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb, deputat tənqidlərə məruz qalıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu qərar gənclərin daha erkən yaşlarda iqtisadi proseslərə cəlb olunmasına kömək edəcək. Deputatın fikrincə, bir avtomobil sahibi olmaq istəyi bir gənci daha əvvəl işə başlamağa sövq edir.

Dövlət Dumasının Nəqliyyat və Tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev ən gənc deputat Vasili Vlasovun təklifini tənqid edərək bunun yol qəzalarının daha da artmasına səbəb olacağını bildirib.

“Araşdırmalara baxsaq, yol qəzalarında ölənlərin 18 ilə 26 yaş arasında olduğunu görərik. Ehtiyatsızlıq, ehtiyatsızlıq, ehtiyatsızlıq... Rusiyanın yeni nəslini yollarda məhv etməməliyik”,- deyə Moskviçev bildirib.

Qeyd edək ki, 25 yaşlı Vasili Vlasov Təbii Sərvətlər, Mülkiyyət və Torpaq Məsələləri Komitəsinin üzvüdür, 2017-ci ildə Moskva Dövlət Pedaqoji Universitetini bitirib. 5 oktyabr 2016-cı il tarixdən etibarən VII çağırış Rusiya Federal Məclisinin Dövlət Dumasının deputatı, LDPR fraksiyasının üzvüdür. Daha əvvəl o, koronavirus pandemiyası fonunda nəqliyyat vergisinin 25 faiz azaldılması təklifini vermişdi.