Rusiya Azərbaycan-Ermənistan arasında sülh istəyirmi?

rusiya-azerbaycan-ermenistan-arasinda-sulh-isteyirmi
Oxunma sayı: 2089

“Rusiya "sülhməramlılarını" Azərbaycan ərazisinə gətirən və Ermənistanı mütləq məğlubiyyətdən qurtaran 10 noyabr 2020-ci il tarixli üçtərəfli videoformat görüşünün ildönümü gününə nəzərdə tutulan eyni formatda növbəti görüş Kremlin bütün səylərinə rəğmən baş tutmadı”. 

“Qafqazinfo” xəbər verir ki, bunu sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu 3 ölkə arasında imzalanmış bəyanatın ildönümü ilə bağlı yazıb. 

O bildirib ki, rəsmi məlumatlarda bunun əsasən Ermənistanın baş naziri Nikol Paşinyanın üzündən baş tutmaması bildirilir: “Görünür, görüşün alınmamasının səbəbkarı kimi Ermənistanın baş nazirinin olması onun nəzərdə tutulan görüşə 2 gün qalmış verdiyi açıqlama ilə əsaslandırılır. 

Paşinyan isə mümkün görüşlə bağlı bunları demişdi: "Biz görüşə qarşı deyilik, amma vacibdir ki, belə görüşün konteksti, simvolikası, potensial nəticəsi olsun. Biz nəticəsi olan görüşdən imtina etməyəcəyik, amma belə görüşlərin özü məqsəd ola bilməz. 9 noyabr görüşü barədə razılaşma yoxdur."

Bunun ardınca Kreml sözçüsü Dmitriy Peskov bəyan etdi ki, belə görüşün nə zaman keçiriləcəyi barədə hələlik anlaşma və razılaşma yoxdur, amma (bu istiqamətdə) iş davam etdirilir. Xatırladım ki, Peskovun mümkün görüş barədə ilkin bəyanatı sonuncudan daha konkret və daha optimist səslənmişdi. 

Bəs görüşün alınmamasının səbəb(lər)i nədir? Çox güman ki, səbəblər Moskvanın ondan əldə etmək istədiyi dividentlərdən və bunun bir çox maraqlara zidd olmasından qaynaqlanır. Bu haqda isə Rusiya mediası açıq yazır. Buna inansaq, Moskvanın tərəflərə iki təklifi var: 

1. Sərhədlərin demarkasiyası və delimitasiyası;

2. Sülh müqaviləsinin imzalanması.

Aydındır ki, ikinci bənd üzrə ən azı yaxın illərdə nəticə olacağını gözləmək mümkün deyil, çünki bu məsələdə Azərbaycanla Ermənistanın bir-birinə diametral zidd mövqeyi və qarşılıqlı ittihamları var. Məsələn, İrəvanın erməni əhalinin Hadruta və Şuşaya qaytarılması tələbi Azərbaycan üçün heç müzakirə predmeti də deyil. 

Belə ziddiyyətlər yetərincədir ki, onların da aradan qaldırılması mümkün olmadığından sülh müqaviləsinin yaxın illərdə imzalanması tamamilə ümidsiz görünür. Şübhəsiz ki, Moskvada da bunu yaxşı anlayırlar və əslində Rusiyanın məqsədi heç belə müqavilənin imzalanması da deyil. 

Heç kəsdən sirr deyil ki, Rusiyanın Qafqaza gəlişindən bu günədək azərbaycanlı-erməni münasibətləri daim Moskvanın maraqlarına xidmət edib və bu gün də həmin yolla davam etməkdədir. Odur ki, indiki mərhələdə sülh müqaviləsinin imzalanması heç bir halda Rusiyanın marağında deyil, çünki bu halda ölkələr arasında birbaşa əlaqələrin qurulması üçün ciddi zəmin yaradılmış olardı.

Görünür, elə bu səbəbdən də Ermənistandakı Rusiyaya bağlı müxalifət Paşinyanı daim sülh müqaviləsilə təhdid etməkdədir. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının Rusiya üçün əlverişli və ya önəmli olmaması ilə razılaşsaq, qalır birinci məsələ: sərhədlərin demarkasiyası və delimitasiyası.

Burada da tərəflər arasında ciddi ziddiyyətlər olmasına rəğmən məhz bu bənd üzrə hansısa anlaşmanın olması Moskvanın maraqlarına cavab verir. Lakin bu məsələdə də incə məqamlar var. Məlumdur ki, SSRİ-nin 30 il əvvəl dağılmasına baxmayaraq postsovet ölkələrin mütləq əksəriyyəti arasında sərhəd mübahisələri hələ də öz həllini tapa bilmir.

Elə Azərbaycanla Ermənistan arasında da həmçinin bu məsələyə dair xeyli ziddiyyətlər var. Amma oxşar cəhət də var ki, bu da sülh müqaviləsində olduğu kimi, sərhəd məsələsindəki mübahisəli məqamların Moskvanın əlinə oynamasıdır. Belə ki, iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsi Moskva üçün bölgədə yeni imkanlar aça bilər. 

Bu, ilk növbədə sərhəd mübahisələri kəskin olan ərazilərdə qarşıdurmadan qaçmaq məqsədilə həmin ərazilərdə sərhədlərə nəzarətin müvəqqəti olaraq Rusiya "sülhməramlılarının" öhdəsinə verilməsi ola bilər. Bunun üçün də bölgəyə əlavə Rusiya hərbi kontingentinin yerləşdirilməsinə ehtiyac yaranardı.

Yuxarıda qeyd etdiyim kimi, sərhəd mübahisələrinin onilliklər boyu davam etməsi təcrübəsini nəzərə aldıqda mübahisəli ərazilərə yerləşdirilə biləcək Rusiya hərbi kontingentinin onilliklər boyu bölgədə qalması və iki ölkə arasındakı münasibətlərə əhəmiyyətli dərəcədə təsir etməsi demək olardı".