İqtisadiyyat naziri Şahin Mustafayev Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Təkcə ötən il Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində Azərbaycan və Rusiya əməkdaşlığına dair dəyirmi masalar təşkil olunub.
Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanda təqribən 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasına uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1 milyard dollardan artıqdır. Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin yaradılması uğurlu əməkdaşlığın nümunəsidir.
Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Azərbaycan şirkətləri bu regionda bir sıra mühüm layihələrə investisiya yatırırlar.
Ş.Mustafayev ölkəmizdə infrastukturun inkişafı istiqamətində görülən işləri vurğulayıb, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və Samur çayı üzərində tikilən avtomobil körpüsünün əhəmiyyətini, hazırda tikilməkdə olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun bu sahədə rolunu qeyd edib.
İqtisadiyyat naziri Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
Raşid Temrezov Azərbaycanın Rusiya və onun federal subyektləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, bu sahədə işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Azərbaycana səfəri çərçivəsində Qaraçay-Çərkəz Respublikasının nümayəndə heyəti Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Sənaye Parkı, Böyük Şor gölünün ekoloji yaxşılaşdırılması işləri ilə və “GreenTech” tərəvəz məhsullarının istehsalı müəssisəsi ilə tanış olublar.


Son xəbərlər
Son Xəbərlər