Rusiya Azərbaycandan göndərilən pendir partiyasının qeydiyyatını dayandırdı

rusiya-azerbaycandan-gonderilen-pendir-partiyasinin-qeydiyyatini-dayandirdi
Oxunma sayı: 1638

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 27-si Azərbaycandan idxal olunan pendir partiyasının qeydiyyatını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” yayıb. 

Bildirilir ki, burada söhbət 20 010 kiloqram pendirdən gedir. 

Məlumata görə, baytarlıq nəzarəti zamanı qablaşdırma materialının Avrasiya İqtisadi İttifaqının təyin etdiyi tələblərə uyğun gəlmədiyi aşkar olunub. Belə ki, karton qutuların əzik, etiketlərinin isə yenidən yapışdırılması əlamətləri təyin olunub. 

Pendirlərin üzərində qoruyucu təbəqə çıxarıldıqda burada başqa bir istehsalçının etiketi aşkar olunub. Həmin istehsalçının Niderland şirkəti olması ehtimal edilir. 

Bununla yanaşı, karton qutuların daxilində və pendirin üzərində yaşıl və qara rəngli kif aşkarlanıb. 

Qeyd olunub ki, göstərilən faktlarla bağlı Azərbaycan və Niderlandın müvafiq baytarlıq xidmətlərindən məlumat daxil olana qədər yükün hərəkəti dayandırılıb.