“Rusiya beynəlxalq məhkəməyə verilməlidir”

rusiya-beynelxalq-mehkemeye-verilmelidir
Oxunma sayı: 1168


“Qafqazinfo” xəbər verir ki, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, Türkiyənin Baş Naziri Təyyib Ərdoğanın Azərbaycana səfəri, Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqı və digər keçmiş Sovet respublikalarının, eləcədə Azərbaycanın ərazi bütövlüyünə qarşı Rusiyanın rəsmi dövlət adamları tərəfindən verilən bəyanatlar və ölkə daxilində baş verən bir sıra digər məsələlər müzakirə olunub.

Ukraynada baş verən son hadisələrlə bağlı Blok üzvləri bildirdilər ki, Krımın işğalından sonra Ukraynanın əraziləri Rusiya tərəfindən ilhaq və işğal olunur. Keçmiş sovet imperiyasının bərpası, müttəfiq respublikalarda Rusiya vətəndaşlarının hüquqlarının tapdalanması adı altında Rusiya Ukraynanın, digər postsovet ölkələrinin, eləcə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradır, təhdid bəyanatları verilir. Blok Ukraynanın öz ərazisində başlatdığı antiterror əməliyyatlarını təqdir edərək, beynəlxalq ictimaiyyəti bu məsələdə Ukraynanın yanında olmağa, lazımı dəstəyi verməyə və işğal təhlükəsi yaşayan ölkələri Rusiyanın təcavüzkar siyasətinə qarşı vahid mövqedən çıxış etməyə çağırıb.

Qeyd edildi ki, digər ölkələrin ərazilərini ilhaqı, işğalı və işğal etməsi ilə təhdidi səbəbindən Avropa Birliyində Rusiyanın fəaliyyətinin dayandırlması alqışlanmalı, BMT-də Rusiyanın veto hüququna son qoyulması müzakirəyə çıxarmalı, eyni zamanda ATƏT bu ölkə ilə əməkdaşlığa yenidən baxmalı, beynəlxalq qurumlar Rusiyanı siyasi təsir imkanlarından məhrum etməlidirlər.

Bildirildi ki, Çar Rusiyası və SSRİ-i dövründə Rusiyanın törətdiyi cinayətlərə- xalqlara qarşı apardığı deportasiya və terror siyasətinə, kütləvi şəkildə insanların öldürülməsinə, xalqların maddi, mədəni sərvətlərinin talanaraq aparılmasına hüquqi qiymət verilməli, xalqlara qarşı törədilən genosid siyasətinə görə Rusiya beynəlxalq məhkəməyə verilməlidir. Blok müttəfiq respublikaları və Azərbaycan hakimiyyətini bu istiqamətdə addım atmağa çağırdı.

T.Ərdoğanın Azərbaycana səfəri toplantı iştirakçıları tərəfindən iki dövlət arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirildi. Qeyd olundu ki, bu səfər Rusiyanın region ölkələrinə, o cümlədən Azərbaycana imperiya iddialı təhdidlərinin artdığı bir zamanda çox önəmlidi.

Rusiya Dövlət Dumasında keçmiş SSRİ vətəndaşı olmuş hər bir kəsə vətəndaşlıq hüququnun verilməsi ilə bağlı qəbul edilən qərardan ciddi narahat olduqlarını, faktın arxasında xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarının hüquqlarının pozulması adı altında Rusiyanın həmin ölkələrə intervensiya siyasətinin durduğunu qeyd edən Blok üzvləri, hakimiyyəti Azərbaycan vətəndaşlarının Rusiya vətəndaşlığını qəbul edəcəyi təqdirdə onlara qarşı vətəndaşlıqdan məhrum etmə haqqında qanunu tətbiq etməyə çağırıb.

Sonda tədbir iştirakçıları ölkəyə qarşı xarici təhdidlərin artığı bir zamanda həmrəyliyin, qarşılıqlı anlaşmanın, dialoqun, milli birliyin təmin olunmasının vacibliyini bir daha qeyd edərək, hakimiyyəti siyasi məhbusları azad etməyə, ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın bərqərar olunması üçün geniş islahatlar keçirməyə, Rusiyanın artan təhdidlərinə baxmayaraq AB-nə assosiativ üzvlüyü sürətləndirməyə və NATO-ya inteqrasiya istiqamətində səylərini artırmağa çağırıb.