Rusiya dövlət televiziyasında Britaniyaya təhdid

rusiya-dovlet-televiziyasinda-britaniyaya-tehdid
Oxunma sayı: 3708

Böyük Britaniyanın Baş naziri Boris Consonun Moskvaya qarşı Kiyevin yanında olmağa və Ukraynanı “ölümcül silahlarla” təmin etməyə davam edəcəkləri barədə açıqlaması Rusiyada birmənalı qarşılanmayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mövzu ilə əlaqədar Rusiya dövlət televiziyasında yayımlanan reportajda jurnalist Dmitri Kiselyov İngiltərəni açıq şəkildə təhdid edərək, xəritədə onun raketlərlə necə vurulacağını çatdırıb.

O, İngiltərənin xəritədə necə vurulacağını izah edərək, “Rus raketi “Sarmat” İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər" deyib.

Rus jurnalist, ötən illərdə elan edilən robot sualtı sistemi “Poseidon”un "İngiltərəni dənizin dərinliklərinə batıra biləcəyi” fikrini müdafiə edib . Açıqlamasının davamında İngiltərənin nüvə yolu ilə “məhv edilə biləcəyi” kimi ifadələr işlədən Kiselyov “Niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər?”, - deyib.

Adanın çox kiçik olduğunu vurğulayan Kiselyov fikrinə belə davam edib: "Bir “Sarmat” raketi onu əbədi olaraq boğmaq üçün kifayətdir. Rusiyanın "Sarmat" raketi dünyanın ən güclü raketidir; Texas və ya İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər. Bir atışda Boris və İngiltərə yox olar”.