Rusiya Ermənistandakı bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə köçürməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiyanın hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə keçirilməsini planlaşdırır”, - məlumatda deyilir.
Ayrı-ayrı rus hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan imtina etməsi faktları təsdiqlənir ki, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra rus əsgərlərinin mənəvi-psixoloji durumunun aşağı səviyyədə olması ilə bağlıdır.
“Beləliklə, xüsusən də Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın rusiyalı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib”, - deyə məlumatda bildirilir.
Baş Qərargah Rusiya ordusunun şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü şikəst etmə hallarının artdığını qeyd edir.
“Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının 45-ci xüsusi təyinatlı briqadasının komandiri, polkovnik Vadim Pankovun istefaya göndərilməsi planlaşdırılır. O, Qostomel aerodromunda döyüş tapşırığını yerinə yetirməməkdə təqsirləndirilir”, - deyə məlumatda vurğulanır.
Son xəbərlər
Son Xəbərlər