Rusiya Gürcüstana nota verdi

rusiya-gurcustana-nota-verdi
Oxunma sayı: 5233

Yanvarın 26-da İsveçrənin Gürcüstandakı səfirliyinin “Rusiya Federasiyasının maraqları” bölməsi yaxınlığında müxalifətin keçirdiyi anti-Rusiya aksiyası ilə bağlı Rusiya Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib. 

O bildirib ki, insidentlə əlaqədar Gürcüstan XİN-ə Gürcüstan hakimiyyətinin Diplomatik Münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına ciddi əməl etməsinin zəruriliyi barədə nota göndərilib.

“Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu cür hadisələrin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək”, - Zaytsev qeyd edib. 

O əlavə edib ki, “Rusiya maraqları” bölməsində anti-Rusiya aksiyasından bir qədər əvvəl əsas və ehtiyat enerji təchizatı kəsilib:

“Hazırda həmin hissənin enerji təchizatı tam bərpa olunub”.