Rusiya kanalı reportajında Əliyevin tələbə biletini göstərdi - Video

rusiya-kanali-reportajinda-eliyevin-telebe-biletini-gosterdi
Oxunma sayı: 4939

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. “Qafqazinfo” xəbər verir ki, “Rossiya-24” telekanalının aparıcısı Mariya Bondareva bu münasibətlə universitetin rəhbərliyi daxil olmaqla müəssisənin məşhur məzunları- Sergey Lavrov, Alişer Usmanovun da yer aldığı geniş reportaj hazırlayıb.

M. Bondarevanın müsahiblərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub. Dövlət başçısı açıqlamasında bildirib ki, valideynləri onun adını məktəbə tez yazdırdıqlarından 15 yaşında MDBMİ-yə imtahan verməli olub:

“Mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyasında isə 16 yaşım tamam oldu və pasport aldım. Əlbəttə, bu, yeniyetməlik çağıdır. Lakin mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait müsbət idi. Həm qrupdakı uşaqlar, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi veriblər. Bu, ilk, müstəqil həyat təcrübəsi idi.

Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim. Bundan sonra uzun illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub.

Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta, yadımdadır ki, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz. Təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkəmin, istər soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib. Məncə, artıq beşinci dəfə baş tutub. Əlbəttə, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, tələbələri fəxrlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuma yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov rəhbərlik edir. İnstitutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.

Reportajda həmçinin dövlət başçısının tələbə bileti də nümayiş etdirilib.