Rusiya Laçın dəhlizinə alternativ yolun fəaliyyətə başlayacağı tarixi açıqladı

rusiya-lacin-dehlizine-alternativ-yolun-fealiyyete-baslayacagi-tarixi-aciqladi
Oxunma sayı: 3471

“Laçın dəhlizinə alternativ yol 2023-cü ilin aprelin 1-dən fəaliyyətə başlayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Denis Qonçar deyib.

“Son ay göstərilən səylərin əsas nəticəsi Laçın dəhlizinə alternativ yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlamasına dair ümumi anlayışın əldə olunması olub. Bununla yanaşı, avqustun 30-dan etibarən hərəkət Laçın şəhərindən və dəhlizin köhnə yolunun təhlükəsizlik zonasında yerləşən digər yaşayış məntəqələrindən yan keçən müvəqqəti marşrutla həyata keçirilir”, - deyə Qonçar söyləyib. 

Onun sözlərinə görə, Laçın dəhlizinin fəaliyyət rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir: “Rusiyalı sülhməramlılar müvəqqəti yolda yerləşdirilib, 2023-cü ilin aprelin 1-nə qədər isə yeni marşruta köçürüləcək”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın dəhlizinin Azərbaycandan keçən hissəsində aparılan tikinti işləri yekunlaşıb.

Bir müddət öncə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirmişdi ki, Laçın dəhlizinin Ermənistandan keçən hissəsi 2023-cü ilin yazında hazır olacaq.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.