Rusiya mediasında etirazçılar “xalq”, “haqqını tələb edən vətəndaş”dan “terrorçu”ya çevrildi

rusiya-mediasinda-etirazcilar-xalq-haqqini-teleb-eden-vetendasdan-terrorcuya-cevrildi
Oxunma sayı: 5494

Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstanda hökumətin, o cümlədən eks-Prezident, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevin istefası ilə nəticələnən proses artıq məntiqi sonluğa yaxınlaşır. Aksiyalar maye qazın qiymətinin yeni ilin ilk günündən 50-60 təngədən 120 təngəyə yüksəlməsi ilə başladı. Təbii ki, iri qaz ixracatçısı olan Qazaxıstan üçün qiymətin belə sıçrayışı xoşagəlməz haldır, amma yeni tarifləri elə qonşu Rusiyadakı qiymətlərlə müqayisə etsək, bu, çox da yüksək kimi görünmür.

Etirazlar ölkənin müxtəlif hissələrində, əhalinin sosial rifahı, siyasi aktivliyi və s. xüsusiyyətləri aşağı və tam əksinə yüksək olan şəhərlərdə eyni gündə və eyni vaxtda başlayaraq cəmi bir neçə saata kütləvi iğtişaşlara çevrildi. Hadisələrin özəti belədir ki, episentri Aktau və Janaozen olan iğtişaşlar bir göz qırpımında Nur-Sultan, Almatı, Atırau, Şımket, Kokşetau, Taraz şəhərlərinə sıçradı.

Küçədə keçirilən etirazların media yayımı internet resurslar və platformalar üzərindən, günümüzün yeni nəsil mediası, KİV alətləri ilə geniş işıqlandırdı, baş verənlər haqqında doğru və ya təhrif olunmuş məlumatlar dayanmadan tirajlandı. Etirazlar haqqında xəbər agentlikləri, teleqram kanalları, tvitter və digər sosial media hesablarının təqdim etdiyi təbliğat elementli təqdimatlar iğtişaşların daha da alovlanmasında əsas körükləyici rol oynadı. Nəticədə, Prezident Tokayevin müraciəti ilə KTMT-nin çətiri altında Rusiya ordusu Qazaxıstana girdi. Bu fakt, özlüyündə, küçələrdə idarə olunan xaosun müəllifi və bu iğtişaşların “sifarişçisi”ni bəlli etdi. Daha öncə də iğtişaşlar haqqında məlumatlar paylaşan kanalların ilkin monitorinqi Qazaxıstanda baş verən bu etirazlarda Kremlin izini üzə çıxartmışdı. Rusiyaya bağlı media resursları isə Qazaxıstandakı etirazları Qərb tərəfindən hazırlanmış süni hadisə kimi təqdim edir, bu istiqamətdə təbliğat aparırdılar.

İnternet resurslarında geniş paylaşılan videoroliklər əsasən Rusiyadan gəlmiş “turistlərin” yerləşdiyi hotellərin eyvanından təqdim olunan videolardan ibarət idi. Rusiya mediasında aparılan kampaniya uzun illər Qazaxıstanda vətəndaşların narazılıq ifadə etdiyi məsələlər üzərindən aparılırdı. Paralel olaraq iddia edilirdi ki, bu, siyasi elita qrupları arası münaqişədir, ölkənin təbii resursları üzərində nəzarət edən klanları arasında münasibətlərin aydınlaşdırılmasıdır, təbii resurlar üzərində nəzarətin yenidən bölüşdürülməsi uğrunda aparılan mübarizədir. Əlavə olaraq ölkədə demokratik müxalifətin təqib edilməsi, Fransada yaşayan “Qazaxıstan Demokratik Hərəkatı”nın lideri Ablyazovun etiraz aksiyasına rəhbərlik etmək cəhdləri, qazax cəmiyyətində sosial problemlərin qabardılmasına da geniş yer verilmişdi.

Etirazların 48 saatlıq nəticəsi olaraq yanacağın qiyməti endi, ölkənin milli lideri Nazarbayev və Nazirlər Kabineti istefaya getdi, Prezident parlamentin buraxacağı haqqında anonslar verdi. Lakin etirazlar getdikcə siyasiləşərək birbaşa Nursultan Nazarbayevə qarşı yönəldi və etirazların ritorikası sərtləşərək pik həddə çatdı. İğtişaşların ilk saatlarından Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) işlədiyi telegram kanalları seqmentində kütləvi şəkildə anti-Qazaxıstan hekayələri yayılırdı. Nazarbayev-Tokayev hökuməti rusofob, mübahisəli dost kimi xarakterizə olunurdu. Şəbəkənin təbliğatında əsas yeri “Böyük Britaniya izi”, “Qazax xalqının ədalət naminə üsyanı”, “Maydandan Qazaxıstana qaranlıq ssenarilər”, yerli “rus dünyası”nı qorumaq üçün Qazaxıstanın şimalına Rusiya qoşunlarının göndərilməsi zərurəti” və s. tezislər tuturdu.

Yəqin ölkənin şimalındakı etirazlarda silahların səslənməsi, mərmilərin partlaması görüntüləri də xüsusi məqsədlə paylaşılırdı. Mülki və hərbi idarələrə hücumlarla proses təhlükəli fazaya girdi. Nazarbayevin istefasından, Tokayevin bütün məsuliyyəti öz özərinə götürməsi və KTMT qüvvələrinə müraciətindən dərhal sonra polis və təhlükəsizlik qüvvələri nümayişləri gözyaşardıcı qazla dağıtmağa başladı, etirazçıların həbsləri həyata keçirildi, sosial şəbəkələr, internet saytları və messencerlər bloklandı, öncə Manqistau vilayətində və Almatıda, daha sonra isə bütün ölkədə fövqəladə vəziyyət elan edildi. Hökumətin sərtləşməsi ilə paralel olaraq Rusiya mediasının tonu dərhal dəyişdi, etirazçılar “xalq”, “haqqını tələb edən vətəndaşdan” “terrorçu”ya çevrildi.

Rusiya Qazaxıstana girmək üçün KTMT-nin nizamnaməsi pozuldu

2010-cu ildə Qırğızıstanın cənubunda şiddətli millətlərarası toqquşmalar zamanı rəsmi Bişkek KTMT-dən bir neçə dəfə kömək istədi, lakin təşkilat bu təklifləri rədd etdi. Etnik toqquşmada KTMT hərəkətsizlik strategiyasını seçdi və bunu özünün “laissez-faire” (müdaxilə etməmək) prinsipi ilə izah etdi. Rusiya Prezidenti Dmitri Medvedyev bildirdi ki, KTMT sülhməramlı qüvvələrinin cəlb olunmasının əsas meyarı müttəfiq dövlətin sərhədlərinin başqa dövlət tərəfindən pozulmasıdır. Baş verənləri qırğız xalqının daxili problemləri kimi adlandıran Medvedyev hökuməti KTMT-yə müraciət etməkdənsə, vətəndaşların ehtiyacları ilə məşğul olmağı məsləhət gördü. Eynilə 2020-ci ilin oktyabrında Qırğızıstanda baş verən üçüncü inqilab zamanı KTMT məsələni Qırğızıstanın daxili işi hesab etdi və bu böhranlı vəziyyətə müdaxilə etməmək siyasətini davam etdirdi. Qeyd edim ki, bu məsələlər KTMT nizamnaməsinin 4-cü bəndi ilə tənzimlənir və Qırğızstanın hər iki müraciəti ilə bağlı qərar məhz bu maddənin 5-ci bəndinə əsasən verilmişdi. Həmin bənddə deyilir ki, təşkilat öz üzvlərinin daxili işlərinə qarışmamaq prinsipinə əməl edir və müttəfiqləri yalnız üçüncü ölkələrdən gələn təhlükələr zamanı müdafiə etməyə borcludur. Nə Qırğızıstandakı 2010 və 2020-ci illər böhranında, nə də indi Qazaxıstanda baş verənlərdə KTMT-nin müdaxiləsi üçün zəmin yox idi.

İşğala aparan yol

2019-cu ildə Qazaxıstan Prezidenti Tokayev, ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Nazarbayevin təkidi ilə Rusiyanın “Avrasiya Gömrük İttifaqı” in səlahiyyətlərinin genişləndirilməsi təkliflərinə etiraz etmişdi və görüşün yekun sənədi qəbul olunmamışdı. Nazarbayev bunu, AGİ-nin yaradılması haqqında müqavilənin mahiyyətinə zidd olması ilə izah etmişdi. Rusiyanın təklif etdiyi səhiyyə, təhsil və elm məsələlərinin Avrasiya İqtisadi Komissiyasının səlahiyyətlərinə daxil edilməsi təklifi, əslində, bu sahələr üzrə üzv dövlətlərin suveren hüquqlarının limitlənməsinə yönəlmişdi və Moskvanın təsir imkanlarının genişlənməsinə xidmət edirdi.

Bu ilin aprel ayının 5-də “New York Times” qəzeti ABŞ rəsmilərinin Mərkəzi Asiya regionunda yeni hərbi bazalar açılması üçün Qazaxıstan, Özbəkistan və Tacikistanın hakimiyyət orqanları ilə danışıqlar aparılması haqqında məlumat paylaşdı. Aprelin 22-də bu məlumatı ABŞ Dövlət katibi Entoni Blinken tviter hesabında təsdiqlədi. Bir az daha geniş məlumatları isə ABŞ-ın Əfqanıstandakı barışıq üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Qazaxıstana səfərini təşkil edən ABŞ-ın Qazaxıstandakı səfirliyi bəyan etdi. Səfirliyin mətbuat üçün məlumatında xüsusi nümayəndənin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, lakin regionda qalması, bölgədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək üçün Qazaxıstana səfər etdiyi haqqında qeydlər yer almışdı. Zalmay Xəlilzad iyunun 13-də keçirdiyi onlayn brifinqdə səfərin detalları haqqında məlumatlar paylaşdı. Məlum oldu ki, ABŞ hökuməti hərbçilərin Əfqanıstandan çıxarılmasından sonra onların ərazidə yerləşdirilməsi üçün Mərkəzi Asiyanın bəzi ölkələri ilə danışıqlar aparır. Çox maraqlıdır ki, bu danışıqların başlanması ilə Rusiya informasiya məkanında Qazaxıstanın əleyhinə kampaniyaya start verildi. Bu kampaniya ittifaq dövlətinə daxil olmaqla bağlı Rusiyanın təklifindən Qazaxıstanın imtina etməsindən sonra daha da şiddətləndi, Nursultan Nazarbayevə qarşı hücumlar gücləndi, Qazaxıstanda rus dilinin sıxışdırılması, rusdilli əhalinin hüquqlarının müdafiəsi və digər məsələlər gündəliyə çıxarıldı.

Qazaxıstanın şimalındakı “Rus dünyası”

Hələ bu ilin yay aylarında Qazaxıstanda rus dilinin sıxışdırılması və rusca danışanların təqib olunması ilə bağlı Rusiya informasiya məkanında genişmiqyaslı təbliğatlar getmişdi. İddia olunurdu ki, Qazaxıstanda “dil patrulları” peyda olub, onlar rus dilində danışan sakinlərdən üzr istəməyi tələb edir və bunu videoya çəkirdilər. Özünü qazax dilinin qorunması uğrunda mübarizə aparan bloqer kimi təqdim edən Kuat Axmetov adlı biri “Til Maydani” adlı yutub kanalında çoxlu belə videolar paylaşmışdı. Niyə görə QRU-nun media şəbəkəsini rus qoşunlarının Qazaxıstanın şimalında yeridirilməsi ilə bağlı təbliğat aparmağa başladı? Çünki ölkənin şimal əraziləri Qazaxıstanın mineral-xammal kompleksində aparıcı yerlərdən birini tutan Pavlodar vilayətinə aiddir. Mərkəzi Asiyanın ən böyük su hövzəsindən biri olan İrtış çayının sahilində yerləşən Pavlodar bərəkətli və təbii ressurslarla bol İrtışyanı bölgəyə aiddir. Bu bölgənin bərk faydalı qazıntıların balans ehtiyatının ümumi dəyəri 460 milyard dollar həcmində qiymətləndirilir.

Qazaxıstan dünyada uran ehtiyatlarına görə ikinci yerdə, yanacaq uran istehsalında isə dünya lideridir. 2020-ci ildə dünyada uran tədarükünün 41%-i Qazaxıstanın payına düşür, ölkənin uran ehtiyatları isə təqribən 1,2 milyon tondur. Bu ölkə payına görə dünyanın ikici ən böyük ehtiyatı deməkdir. QRU-nun yerli “rus dünyası”nı qorumaq üçün respublikanın şimalına rus qoşunlarının göndərilməsinin səbəbi də məhz bu resurslardır.

SSRİ-nin bərpası planı

Son dövrlərdə Rusiyada Qazaxıstanın müstəqilliyini şübhə altına alan iddiaların sayı kifayət qədər artmışdı. Jurnalistin bununla bağlı müdafizə naziri Sergey Şoyquya ünvanladığı sualı xatırlamaq kifayətdir ki, məsələnin hansı səviyyəyə qaldırıldığı barədə dolğun təsəvvür formalaşsın.

Kremlin ittifaq dövlətində qalması üçün Belarus Prezidenti Aleksandr Lukaşenkoya təzyiqləri hələ unudulmayıb. Eynilə təzyiqlər Qazaxıstan rəhbərliyinə də edilirdi. Nazarbayev isə “Qazaxıstan heç vaxt müstəqilliyinə təhlükə yaradan təşkilatların bir hissəsi olmayacaq” mesajını verirdi. 2014 cü ildə “Seliger-2014” Ümumrusiya Gənclər Forumu günlərində tələbələrin suallarına cavab verən Rusiya prezidenti V.Putin Qazaxıstanın dövlətçilik adət-ənənəsini inkar edərək N.Nazarbayevi ilk qazax dövlətinin qurucusu kimi təsvir etdi. Krımın işğalının ərəfəsində səslənən bu fikirləri Qazaxıstanın suverenliyi üçün hədə kimi qəbul edən Nazarbayev “sazişdə müəyyən edilmiş qaydalara əməl edilmirsə, Qazaxıstan Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina etmək hüququna malikdir” fikirini səsləndirdi.

2020-ci il iyunun 30-da Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Nazarbayev ondan qazax xalqının müqəddəs artefaktı hesab edilən Xan Kenesarının qalıqlarını tapıb Qazaxıstana qaytarmağı xahiş etdi. Kenesarı Xan hər üç qazax soyunun sonuncu xanı, dövlət səviyyəsində 1837-1847-ci illərdə Rusiya imperiyasının işğalına qarşı milli-azadlıq hərəkatının lideri kimi tanınır və hörmət edilir. Məsələ də budur ki, Kenesarı Xanın qalıqlarının geri istəməklə Nazarbayev Putinə Qazaxıstanın dövlətçilik tarixinin daha qədim olmasını xatırladırdı. Təbii ki, bütün bunlar Rusiyanın tələbləri fonunda Qazaxıstanın öz müstəqil mövqeyindən çəkilmək istəmədiyini, dirəniş göstərdiyini nümayiş etdirir. Bəzi politoloqlar bildirirdilər ki, Nazarbayevin prezident postunu tərk etməsindən sonra Qazaxıstanda Ukrayna ssenarisinin inkişafı ilə bağlı mülahizələr səslənməyə başladı. Lakin mövcud prezident kimi, Tokayevin ilk imkandaca dövlətin suverenliyindən imtina edib, ölkəni KTMT-nin qismində Rusiyaya tam tərkibdə təhvil verməsi ssenarisi bu mülahizələrin arasında görünmürdü. İndi görünən odur ki, Moskva Ukraynada yol verdiyi səhvi Qazaxıstanda təkrarlamamaq üçün həm filmin ssenari müəllifi, həm də baş rolun ifaçısı oldu. Artıq Rusiyanın 2024-cü ilə kimi hansısa şəkildə SSRİ-ni bərpa etməyə çalışdığı barədə mülahizələr güclənir. Görünən odur ki, Qazaxıstanda baş verən hadisələr bu planın tərkib hissəsidir.

Yeganə Hacıyeva