Rusiya saxlanılan gəmiləri Ukraynaya təhvil verdi

rusiya-saxlanilan-gemileri-ukraynaya-tehvil-verdi
Oxunma sayı: 799

Rusiya tərəfindən saxlanılan 3 gəmi Ukraynaya təhvil verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 15-də məlum olmuşdu ki, Moskva gəmiləri Kiyevə dekabrın 9-da keçirilməsi planlaşdırılan “Norman formatında” sammitdən əvvəl geri qaytarmağa qərar verib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi gəmilərin təhvil verilməsinin qarşıdakı hadisə ilə əlaqəli olmadığını bildirmiş və gəmilərin Ukrayna tərəfinə qaytarılması təklifinin aktuallığını itirmədiyini xatırlatmışdı.

Xatırladaq ki, 25 Noyabr 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd nəzarəti Kerç boğazı bölgəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisini – “Berdyansk”, “Nikopol” və “Yan Kapu”nu Rusiya dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlamışdı. Gəmilərlə birlikdə Ukrayna Təhlükəsizlik Xidmətinin iki əməkdaşı da daxil olmaqla 24 Ukrayna hərbçisi saxlanılmışdı. Tutulan şəxslərin hamısı sentyabrda hər iki ölkə arasında baş tutan mübadilə çərçivəsində Kiyevə qayıtmışdı.