Rusiya və Azərbaycan nümayəndə heyətləri Dərbənddə görüşdü - Fotolar

rusiya-ve-azerbaycan-numayende-heyetleri-derbendde-gorusdu
Oxunma sayı: 2465

Rusiyanın Dərbənd şəhərində Rusiya və Azərbaycan nümayəndə heyətlərinin görüşü olub.

İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan tərəfdən nümayəndə heyətinə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daxildir.

Rusiya tərəfi isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinin rəhbərliyi ilə əlaqədar qurumların nümayəndələrinin və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilevin daxil olduğu heyətlə təmsil olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Nazir Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iqtisadi-ticarət əlaqələrinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb. 

Rusiyalı nazir Maksim Oreşkin Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iki ölkə arasında artan ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına töhfə verəcəyini bildirib.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri "Narın Qala" tarixi abidəsi ilə tanış olublar. .

Azərbaycan və Rusiya nümayəndə heyətləri dövlət sərhədində "Yaraq-Qazmalar”, “Samur” sərhəd buraxılış məntəqələrinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.

Qeyd edək ki, Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində "Samur" (Azərbaycan) - "Yaraq-Qazmalar" (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi davam etdirilir.