Rusiya xaricə məlumat ötürən casus yaxaladı

rusiya-xarice-melumat-oturen-casus-yaxaladi
Oxunma sayı: 639

İslamazeri.az-ın Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, Rusiyanın Sverdlovsk bölgəsində müdafiə sənayesi obyektində çalışan rəsmilərdən birinin "Bulava" raketləriylə bağlı sirləri xarici kəşfiyyata sızdırdığı iddia edilib.

Həbs edilən və adı açıqlanmayan şəxsin Yekaterinburq Bölgə Məhkəməsinə çıxarılacağı bildirilir.

"İnterfaks" agentliyinə məlumat verən hüquq-mühafizə orqanlarındakı mənbələr məhkəmənin qapalı keçiriləcəyini bildiriblər. Onlar bunu məsələnin dövlət sirri olmasıyla izah ediblər.

Müstəntiqlərin casus olduğu iddia edilən şəxslə bağlı kifayət qədər sübut topladığını bildirən məlumatlı mənbə qeyd edib ki, sözügedən şəxs strateji raket sistemlərinin hazırlanmasıyla bağlı fəaliyyət göstərən elmi istehsalat mərkəzində çalışır.

"Bulava" raketləri 2010-2011-ci illərdəki sınaqlardan sonra Rusiya Müdafiə Nazirliyinə təhvil verilib. Ancaq ilk 13 sınağın yarıdan çoxu uğursuzluqla nəticələnib. Bu səbəbdən raketləri hazırlayan Moskva Texnologiya İnstitutunun rəhbəri Yuri Solomonov vəzifəsindən azad edilib.