Rusiyada 36 rabitə peyki orbitə çıxarıldı

rusiyada-36-rabite-peyki-orbite-cixarildi
Oxunma sayı: 1053

Britaniyanın “OneWeb” şirkətinin 36 rabitə peyki “Soyuz-2.1b” daşıyıcı raketi ilə “Vostoçnı”  kosmodromundan fəzaya buraxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Roskosmos” məlumat verib.

“Bütün peyklər hədəf orbitlərə çıxarılaraq sifarişçilərin nəzarəti altına alınıb”,- deyə açıqlamada qeyd olunub.

Son buraxılış orbitdəki “OneWeb” peyklərinin sayını 182-yə çatdırıb.

Raket Moskva vaxtı ilə saat 01:14-də buraxılıb. Bu, “Vostoçnı” kosmodromunda bu il baş tutan ikinci buraxılışdır. Əvvəlki buraxılış 25 martda olub.

Daha əvvəl “Roskosmos” rəhbəri Dmitri Roqozin 2021-ci ildə “Luna-25”in də buraxılması daxil olmaqla “Vostoçnı” kosmodromunda federal kosmik proqram çərçivəsində üç uçuşun həyata keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.

“OneWeb” peykləri yerüstü istehlakçıları birbaşa peyk rabitəsi vasitəsilə yüksək sürətli internetlə təmin etmək üçün nəzərdə tutulub.

“Roskosmos” 2021-ci ildə bu peyklərin orbitə buraxılması üçün on uçuş həyata keçirməyi planlaşdırır.