Rusiyada azərbaycanlı yumoristlə bağlı qərar dəyişdi

rusiyada-azerbaycanli-yumoristle-bagli-qerar-deyisdi
Oxunma sayı: 2775

Azərbaycan əsilli Belarus vətəndaşı, “stand up” ustası İdrak Mirzəlizadənin Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı qərar dəyişib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Badamşin bildirib.

Onun sözlərinə görə, bu müddət 2035-ci ilə qədər azaldılıb. 

“Rusiya Daxili İşlər Nazirliyi İdrak Mirzəlizadənin ömürlük arzuolunmazlıq müddətini 14 ilə qədər azaldıb. Faktiki olaraq Mirzəlizadə 27 avqust 2035-ci ilə qədər Rusiyada “arzuolunmaz şəxs” hesab ediləcək. Bu qərardan apellyasiya şikayəti verəcəyik”, - deyə vəkil bildirib.

Xatırladaq ki, ötən il avqustun sonunda Rusiya Daxili İşlər Nazirliyi Belarus vətəndaşı Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib və onun deportasiyasına qərar verilib. Yumorist millətlərarası münasibətlərin sabitliyini pozmağa yönəlmiş açıqlamalarına görə ittiham edilib. Bu səbəbdən o, öz hesabına bilet alıb ölkəni tərk etməli olub.

Mirzəlizadə Daxili İşlər Nazirliyinin qərarına etiraz edərək məhkəməyə müraciət edib. Oktyabrın əvvəlində Moskvanın Zamoskvoretski məhkəməsi DİN-ə ömürlük həbs əvəzinə konkret müddət təyin etməyi tapşırıb.

Bundan başqa, M.Mirzəlizadə Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci (nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması) maddəsi ilə 10 sutkalıq inzibati həbs cəzası çəkib.

Ruslar haqqında alçaldıcı ifadələrlə zarafatlar edən Mirzəlizadə daha sonra çıxışlarının birində fraqmentin “kontekstdən çıxarıldığını”, monoloqunun isə əksinə, ksenofobiyanı ələ saldığını izah edib. O, zarafatına görə inciyə biləcək insanlardan üzr istəsə də, özünü etnik ədavəti qızışdırmaqda təqsirli bilməyib.