Rusiyada karantin sərtləşdirilir

rusiyada-karantin-sertlesdirilir
Oxunma sayı: 2527

17 iyun tarixindən etibarən Rusiyanın Sankt-Peterburq şəhərində koronavirus səbəbiylə əlavə məhdudiyyətlər tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər rəhbərliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 17 iyundan etibarən şəhərdə ictimai iaşə müəssisələrində əyləncə mərasimləri, restoran və kafedə uşaq otaqlarının fəaliyyətinə icazə verilməyəcək. 

Moskva vaxtı ilə saat 02:00-dan 06:00-dək restoranların çatdırılma xidməti istisna olmaqla fəaliyyət göstərməsi qadağandır.

Ticarət mərkəzlərində fəaliyyət göstərən kinoteatrlar, akvaparklar, kitabxanalar, uşaq otaqları və əyləncə və istirahət obyektlərinin də bağlanacağı bildirilib.

Bağlı və açıq havada mədəni və əyləncə tədbirlərinə icazə verilən ziyarətçi sayı 3 min nəfərlə məhdudlaşacaq. Küçədə olanlar da daxil olmaqla bütün kütləvi tədbirlərə gələnlərin maskalardan istifadə etmələri tələb olunur.

Sankt-Peterburqda keçiriləcək futbol üzrə Avropa çempionatının azarkeş zonalarında sanitariya və epidemioloji təhlükəsizlik tədbirləri də gücləndirilir.

“17 iyun tarixindən bəri fan zonalarında iaşə xidmətləri göstərilməsinə və içkilər istisna olmaqla qida məhsullarının satışına icazə verilməyəcək”,- deyə şəhər administrasiyasından bildirilib.

Eyni zamanda azarkeş zonalarında da maska ​​taxmaq məcburi olacaq.

Qeyd edək ki, Rusiyada bu günə qədər 5 milyon 208 min 687 yoluxma faktı qeydə alınıb. Onlardan 4 milyon 801 min 335 insan sağalaraq evə buraxılıb, 126 min 430 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Sankt-Peterburq şəhərində isə bu günə qədər 450 730 yoluxma faktı qeydə alınıb, 420 min 356 nəfər sağalıb, 14 min 898 nəfər həyatını itirib.