“Avropa İttifaqı dinc təməlini itirib və sülh yolu ilə tənzimləmə üçün potensiala sahib deyil”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə Aİ-nin Ermənistana 10 milyon avro ayırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Aİ bir zamanlar sözdə də olsa sabitlik və danışıqlara can atırdı: “İndi ittifaq öz vətəndaşlarının deyil, ABŞ və NATO-nun maraqlarına xidmət edərək militarizasiya və qarşıdurma kursunu rəhbər tutur”.
Zaxarova, həmçinin əlavə edib ki, Avropa Sülh Fondu öz adına baxmayaraq, faktiki olaraq “müharibə fondu”dur: “Fond yalnızca hərbi əməliyyatların və münaqişənin alovlanmasına sponsorluq edir. Sülh Fondunun həqiqətən də dinc nizamlanmaya töhfə verdiyinə dair heç olmasa bir nümunə göstərə bilsəniz, biz bunu qəbul edəcəyik. Məsələ ondadır ki, belə nümunələr yoxdur”.
Xatırladaq ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iyulun 22-də keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində yardım ayrılması təsdiqlənib. Avropa İttifaqı Şurasının yaydığı məlumata görə, vəsaitin ayrılmasında məqsəd Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılması, mülki əhalinin böhran və fövqəladə vəziyyətlərdə müdafiəsinin yaxşılaşdırılmasına yardım etməkdir.