“Rusiya ilə Ermənistan arasında bütün beynəlxalq öhdəliklərə uyğun şəkildə hərbi-texniki əməkdaşlıq var”.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu əməkdaşlığa hörmət etməlidir:
“Biz artıq Azərbaycan tərəfinə diplomatik kanalla müvafiq imformasiya göndərərək bildirmişik ki, Rusiya Ermənistanla müttəfiq münasibətlərinə malikdir, onunla hərbi- texniki əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Ümid edirik ki, bu, bilinən, gizli olmayan, şəffav və açıq şəkildə aparılan əməkdaşlıq Azərbaycan tərəfindən anlayışla qəbul ediləcək. Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasına çalışır”,- deyə Zaxarova əlavə edib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya silah tədarükündə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edir, müvafiq qanunvericilik ilə əsaslandırılmış ixrac nəzarəti sisteminin sərt çərçivələrində hərəkət edir.
Qeyd edək ki, fevralın 24-də Azərbaycan XİN tərəfindən RF-in XİN-nə nota ünvanlanıb. Nota Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsinə görə verilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barəsində təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: “İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur.
Ermənistanın Azərbaycan ərazilərini işğalının davam etməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır. Azərbaycan tərəfi son istifadəçi şəhadətnaməsinə uyğun olaraq, ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin veriləcəyini gözləyir”.
Son xəbərlər
Son Xəbərlər