Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Rusiya respublikada gözlənilən dövlət çevrilişi barədə ölkə hakimiyyətinə xəbərdarlıq edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Vuçiç jurnalistlərin Qərbin dövlət çevrilişi etmək məqsədilə respublika ərazisində aksiyalar hazırlaması ilə bağlı sualını cavablandırarkən deyib.
“Bu gün biz Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz onunla məşğul oluruq. Bu məsələdən Təhlükəsizlik və İnformasiya Agentliyi cavabdehdir. Serbiya hökumətində və bütün başqa yerlərdə bu məsələ ilə bağlı ixtisaslaşan şəxslər öz işlərini görürlər.
Zorla nəyəsə nail olacaqlarını xəyal edənlər bunu bacarmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər. Bu mənim hamıya mesajımdır və insanlarımızın narahatlığına əsas yoxdur”, - deyə Vuçiç vurğulayıb.
Qeyd olunub ki, bundan əvvəl “Vecernje Novosti” qəzeti Serbiyada qərbyönümlü müxalifət nümayəndələrinin avqustun 10-da Belqradda planlaşdırılan etiraz aksiyalarından istifadə edərək prezident sarayını ələ keçirmək, dövlət başçısını sıradan çıxarmaq və Ukrayna ssenarisini işə salmaq üçün istifadə etməyə hazır olduqları haqda məlumat dərc edib.