Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Baxış iclasında təqsirləndirilən K. Həsənov ifadə verib və özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O bildirib ki, hərbi hissədə əsgərləri həftə sonları şəhərə buraxıb.
K. Həsənov həmin əsgərlərdən hər buraxılış üçün hər əsgərdən 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur.
K. Həsənov ifadəsində deyib ki, əsgərləri şəhərə buraxan zaman hərbi biletlərini onların özünə verib: "Hərbi hissəyə qayıdanda isə hərbi biletləri təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Belə olan halda növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi, çünki yerdəyişmələr olurdu, yeni əsgərlər gəlir, köhnələr gedirdi. Amma təxminən 70-80 əsgər mənim tabeliyimdə olurdu. Hamısını şəhər buraxılışına mən buraxırdım. Amma heç bir əsgərdən şəhərə buraxılış üçün pul almamışam, başqa zabitlərin də qayıdanda pul almasını eşitməmişəm".
K. Həsənov əlavə edib ki, ona ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb: "Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".
Proses davam etdiriləcək, növbəti iclasda şahidlər dindiriləcək. K. Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir, o, həbs edilməyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər