Tanıdığım bir universitet müəllimi Facebookda halallıq və düzgünlük barədə status paylaşdı. Dostları onun səsinə səs verdi. O, bir yazmışdısa, dostları iki yazdı. Söydülər rüşvətə “hə” deyənləri, pul yığan müəllimləri. Fetişləşdirdilər həmin adamı. Az qaldılar, ətəyində namaz qılsınlar.
Bu, o müəllim idi ki, yaxın bir qohumumu mübaliğəli desək, dizin-dizin süründürmüşdü universitetin dəhlizlərində. Qiymət yazmaq üçün hər dəfə pulu bir az da artırmışdı. O həddə çatdırmışdı ki, qohumum anasının qır-qızılını satıb pulu düzəltmişdi. Müəllim yenə də narazı qalmış, geri qaytarmışdı. Nəticədə həmin qohumumu qovmuşdular universitetdən. O da gördüyü haqsızlıqdan və elin tənəsindən baş götürüb ölkədən getmiş, uzaq Rusiya bazarlarında alverlə məşğul olmağa başlamışdı. Cəmi iki ildən sonra avtomobil qəzasına düşüb həlak olmuşdu...
Seçdiyi ixtisas üçün az əhəmiyyətli bir fəndən kəsilib çıxdaş edilməsəydi, həyatı yarıda qırılmayacaqdı qohumumun. Savadlıydı. Yüksək balla daxil olmuşdu universitetə. Universiteti bitirib işləyəcəkdi. Cəmiyyətə fayda verəcək, həyatını quracaqdı. Olmadı. İmkan vermədilər. Pul üstün gəldi mənəviyyata...
Əxlaqsız qadınların sonradan müğənniliyə qurşanıb ictimaiyyətə əxlaq dərsi keçməsinə bənzədi bu hadisə. Kimdə nə yoxdusa, ondan danışır. Sosial şəbəkələrdə hamı mələk obrazına girir.
Bir capsda oxumuşdum bu sözləri: “Feysbukda bu qədər gözəl qəlbli, humanist insanlar varkən çöldəki tərbiyəsizlər, cahillər, əxlaqsızlar hardan peyda olur?”
Robin Şarma çinlilərdən belə bir misal çəkir: “İnsanı əks etdirən üç güzgü var. Birinci güzgüdə sən özünü necə görürsən, ikinci güzgüdə başqaları səni necə görür, üçüncü güzgü isə həqiqətdə sənin necə olduğunu əks etdirir.”
Mənəviyyatsız, əxlaqı zədəli adamların üçüncü güzgüsü ya olmur, ya da sınıq olur deyəsən. Hansı prizmadan baxsa özünü birinci güzgüdə görür.
İkinci güzgü ilə cəmiyyətə mələk obrazında görünmək lazım deyil.
Bu cür bəd əməllərlə məşğul olan, insanların taleyilə oynayan kəs nəinki sosial şəbəkələrdə polemikalar açmalı, gözdən-könüldən uzaq durmalıdırlar.
İmkan versinlər, vurduqları yaralar qaysaq bağlasın...
Son xəbərlər
Son Xəbərlər