Azərbaycan qadını yıxılmışkən bir-iki balta da mən vurum... Yıxılmışkən... Halbuki "uzanmışkən" nə gözəl yaraşır qadına. Dünyanın bütün qadınları uzanır, bizimkilər yıxılır. Onlar uzanıb yatır, Azərbaycan qadını başını atıb, yıxılıb yatır...
Azərbaycan qadını haqda hər şey yaza bilərsən, etiraz elədiyi məqamlar olacaq, razılaşmayacaq, isterika yaradacaq, amma cəfakeş obrazını tərəddüdsüz qəbul eləyəcək. Haqqında ən pis şeyləri de, sonda de ki, Azərbaycan qadını cəfakeşdi, o son sözə görə qalan bütün ittihamları bağışlasın sənə...
Cəfakeşlərin cəfakeşi, ən zərərçəkmiş Azərbaycan qadını obrazlarından biri də "əri atıb urusyetə gedən" qadındı. Ümumən digər bütün həmyerliləri kimi kədərli, yataqda sərf eləməli olduğu enerjisini yataq həyatı olmadığı üçün onları atıb gedən gədənin "yetimçə"lərini ayağının altına almaqla çıxaran qadın... Bu qadınlar bu ölkənin ən haqlı qadınlarıdı. Onlar qalan bütün yerli qadınlardan daha böyük hüquqlara malikdi. Amma ancaq digərlərinə nisbətdə. Əri atıb gedən qadın düşünün... Azərbaycanda. Bu qadının yenidən ailə qurmaq şansı nə qədərdi? Ailə qurmaq cəhənnəm, işləmək istəsə, bir ton qohum-əqraba, qonşu namusunun altında qalıb əziləcək... Amma əri atıb Rusiyaya gedən qadın bir az daha şanslıdı. Onlar bir çox hallarda daha azaddılar. Qaynatası, qaynanası oğulları "boylarını yerə soxduğu" üçün çox da üstunə gedə bilmirlər bu qadınların. Yenidən ailə qurmaq şansları digərlərinə nisbətən daha çoxdu. Çünki bütün günah ərindədi. Hər vəziyyətdə kimisə qınamağa məhkum olan Azərbaycan xalqı bu situasiyada əri günahkar bilir. Tutaq ki, əri Rusiyaya gedib 5 ildi qayıtmayan bir qadın sabah başqasıyla ailə qurmaq istəsə, hər şeydən inciyən xalqımız bunu birtəhər həzm eləyər. Yəni az da olsa, şans var... O da əri olmadığı müddətdə qaynı tutub zorlamayıbsa...
Bir də əri şəhid olan qadın düşünün... Yenidən ailə həyatı qura bilərmi? Xalqımız onu dərhal əxlaqsız elan eləyib, lazer baxışlarıyla yandırar, külə döndərər. Ən ağır söyüşlərlə silahlanıb adsız şəhidin namusunu qoruyar... Bu ölkədə şəhid arvadı deyə qadın yoxdu! Onlar ərləriylə birlikdə torpağa tapşırılırlar... Onlar ömürlərinin qalan vaxtını yalnız yaşamalı, yalnız ölməlidilər... Adi vaxtda qohumların namus yükünü çiynində daşımağa məhkum azərbaycan qadını, əgər şəhid ailəsidirsə, artıq bütün xalqın namus simvoludu. Əri atıb gedən qadın məhəllədən çıxana qədər nəzarətdədirsə, şəhid arvadına ölkə miqyasında nəzarət var...
Şəhid arvadı ərini itirdiyi gündən etibarən gülmək vərdişini ömürlük tərgitməlidi. Əri şəhid olandan illər sonra da gülə bilməzlər onlar. Xalqımız dərhal ağzını tikər, bir də gülə bilməz...
Ailəsini atıb Rusiya bazarında işləməyə gedənlərə el arasında hər çeşiddə adlar qoyublar. Ən çox yayılanı "oğraş"dı. Fərqi yoxdu, arvadı pinti olduğu üçün qaçıb canını qurtarıb, yaxud, "Nataşa"ya ilişib qalıb - bu xalq üçün "rusyet"ə gedib, qayıtmayan ər oğraşdı.
Şəhid isə elə şəhiddi. Ona başqa adlar qoşmurlar. O, xalqımız üçün qəhrəmandı... Pafos dolu çıxışlar üçün temadı şəhid...
İki qadın - ailəsini atıb "rusyet"ə gedən və qayıtmayan "oğraş" arvadı və bir də qəhrəman şəhid arvadı... Hansı daha azaddı? Hansının daha çox haqqı var? Hansı daha çox insan kimi yaşaya bilər?
...Bu ölkə "oğraş" arvadı üçün şəhid arvadından daha əlverişlidi.
Son xəbərlər
Son Xəbərlər