Tarix lotu elmdir.
Nə qədər yaltaqlıq eləsə də birdən ibrətlər göstərmək kimi ərkyana şakəri var.
Deməli belə...
Peyğəmbərin silahdaşlarından olan Əbuzər adlı bir çöl ərəbi Şamda Müaviyənin, dindəki sosial ədalət anlayışını təhqir edərək, səfil günə qoyduğu camaatla birlikdə saraya gəlir. Şəhadət barmağını nizə kimi Müaviyənin qalın qaşlarının arasına tuşlayaraq hayqırır:
“Mən ruzinizi qəsb edənləri sizə göstərdim! Qorxmayın! Haqqınızı tələb edin!”
Ovaxtkı xəlifə ilə qohum olan Müaviyə Mədinə elitasına arxalanaraq Əbuzəri Şamdan qova bilir. Xəlifə bu “nadinc adam”ı susdurmaq məqsədi ilə hüzuruna çağırır. Fəqət Müaviyəyə yaxın olan əyanlar Əbuzərlə xəlifə Osmanın görüşünə imkan vermirlər və Əbuzərin sürgün edilməsi haqda əmr imzalatmağa nail olurlar.
Əbuzəri bütün bunlardan daha artıq Mədinədəki məscid kədərləndirir. Peyğəmbərin içində yaşadığı, kölgəliklərində səfil-sərgərdan insanların daldalandığı məscid... Hicrətin ilk günündəcə mədinəlilərin və qaçqın məkəlilərin Məhəmməd üçün tikdikləri ev – İslamın ilk Allah evi. Müsəlmanların sidq-ürəkdən inanaraq yolunda şəhid olmaqdan çəkinmədiyi məfkurənin möhtəşəm məbədi!
İndi həmin minbərdən saxta hədislər söyləyir, hakimiyyətdə qalmaq naminə insanları aldadırlar.
Məsələnin ən fəlakətli tərəfi odur ki, bütün bunlar İslamın ən şərafətli şeyxləri, peyğəmbər əshabələri Təlhə və Zübeyrin gözləri qarşısında baş verir. Ancaq onlar vəzifə eşqindədirlər, buna görə susurlar...
Əbuzər dözmür.
“Niyə susursuz?” – deyə sual edir - “Ühüd şəhidlərindən utanmırsız?!”
Sükut davam edir.
Əbuzər iri addımlarla şeyxlərdən aralananda Zübeyr gülümsəyərək Təlhənin qulağına pıçıldayır:
“Allah bilir nə vaxt öləcək ki, canı rahatlasın!”
Əbuzər həqiqətən də ölür...
Rəbəzə çölündə.
Sürgündə...
O, İslam tarixinə “Rəbəzə şəhidi” kimi daxil olur.
...Heç bilmirəm bu hadisəni niyə xatırladım.
Bizə nə bu əhvalatdan?
Qonorar xətrinə yazmış olmayam?!