Saakaşvili həbsxanadan klinikaya köçürülə bilər

saakasvili-hebsxanadan-klinikaya-kocurule-biler
Oxunma sayı: 1232

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisi klinikalarının birinə köçürülə bilər.

“Qafqazinfo” “Pirveli” telekanalına istinadən xəbər verir ki, xüsusi həkim qrupu bu gün Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasını ziyarət edəcək və artıq 19 gündür aclıq aksiyası keçirən sabiq Prezidentin səhhəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.

6 həkimdən ibarət olan xüsusi qrup Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin istəyi ilə ölkənin səhiyyə naziri tərəfindən yaradılıb. Xüsusi qrup bu gün Saakaşvilini geniş müayinədən keçirəcək və onun sağlamlığı ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Saakaşvilinin vəziyyəti kritik olaraq qiymətləndirilərsə, Tbilisinin “Vivamed” klinikasına köçürülə bilər.

N. Kipşidzenin sözlərinə görə, siyasətçi artıq nəzərəçarpacaq dərəcədə zəifləyib, solğunlaşıb və uzun müddətdir davam edən aclıq aksiyasına görə hərəkət etməkdə çətinlik çəkir. Saakaşvili isə öz növbəsində aclıq aksiyasını dayandırmaq niyyətində deyil.