Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.
“Qafqazinfo” “İnterpressnews”a istinadən xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.
Proses Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə olacaq.
Saakaşvilinin məhkəmədə iştirak edəcəyi gözlənilir.
Bununla yanaşı, məhkəmənin həyətində eks-Prezidentə dəstək aksiyasının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırma ötən il oktyabrın 1-i başlanılıb.
***
Saakaşvilinin məhkəmə prosesi başlayıb.
***
Gürcüstan sərhədini qanunsuz keçmə işi üzrə keçirilən məhkəmə iclasında söz təqsirləndirilən şəxsin özünə - ölkənin eks-prezidenti Mixail Saakaşviliyə verilib, onun saxlanılmasında iştirak edən müstəntiq dindirilib.
Saakaşviliyə çıxış üçün 15 dəqiqə vaxt verilib. Eks-prezident çıxışına saçını kəsdirdiyi əhvalatla başlayıb.
"Dünən bir stilist yanıma gəldi və saçımı kəsdi. Beş həftə əvvəl Nyu-Yorkdan gələn və hər gün ərizə yazan şəxsi həkimim Nika Kipşizde beş həftədir ki, yanıma buraxılmasına icazə verilməsi üçün hər gün ərizə yazır. Saç ustası isə bir günə buraxılıb", - Saakaşvili deyib.
Siyasətçi sağlamlığı ilə bağlı vəziyyətinin pisləşdiyini bildirib və şəxsi həkiminin onun yanına buraxılmasını tələb edib:
“Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin göstərişi ilə mənim hipertoniya ilə bağlı ciddi problemlərim olduğu bir vaxtda beş həftədir həkimləri yanıma buraxmırlar”.
Bu bəyanatdan sonra vəkillər hakim Nino Çaxnaşviliyə vəsatət veriblər ki, həbsxanalara cavabdeh olan Xüsusi Penitensiar Xidməti bu faktı araşdırsın. Çaxnaşvili etiraz edərək bildirib ki, Xidmət Saakaşvilinin təhlükəsizliyini təmin etməyə və onun sağlamlığına nəzarət etməyə borcludur.
Bundan əlavə, məhkəmədə bir neçə ittiham tərəfi şahidi, o cümlədən polis əməkdaşları, müstəntiqlər və Levan Samxarauli Milli Ekspertiza Bürosunun əməkdaşları dindirilib.
Saakaşvilinin işi üzrə növbəti məhkəmə prosesi fevralın 24-ə təyin edilib.
Son xəbərlər
Son Xəbərlər