Sabah Flora Kərimovanın 70 yaşı tamam olacaq

sabah-flora-kerimovanin-70-yasi-tamam-olacaq
Oxunma sayı: 650

Azərbaycanın canlı əfsanəsi, xalq artisti Flora Kərimovanın sabah 70 yaşı tamam olur. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti yubiley yaşı olmasına baxmayaraq bu günü xüsusi qeyd etməyəcək. Səbəb isə sabahkı tarixin Ağdamın işğalı ilə üst- üstə düşməsidir. Elə buna görə də sənətkar bu günü qeyd etməkdən imtina edir. F. Kərimova ad günü ərəfəsində 4 yaraşıqlı oğlanla birgə yeni “Səni sevirəm” duetini ifa edib. Maraqlı məqamlardan biri də xalq artistinin bu dəfə özünün deyil, NEXT-in ifa üslubunda oxuması olub.

Qeyd edək ki, F. Kərimova 1941-ci il iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.

Nigar Məmmədli