Sabah rayonlara yağış və dolu gözlənilir

sabah-rayonlara-yagis-ve-dolu-gozlenilir
Oxunma sayı: 2109

11 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək. 

Havanın temperaturu  gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.