“Sabah”ın eks-məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu

sabahin-eks-mesqcisinin-azerbaycandan-cixisina-stop-qoyuldu
Oxunma sayı: 2605

“Sabah” futbol klubunun keçmiş baş məşqçisi Jelko Sopiçin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Bakı Kommersiya Məhkəməsi qərar çıxarıb. Belə ki, Sopiç dövlət büdcəsinə olan 4600 manat vergi borcunu ödəmədiyi üçün ölkəni tərk etməsi qadağan edilib.

Onun barəsində Dövlət Vergi Xidməti tərəfindən qaldırılan iddia hakim Leyla Əliyeva tərəfindən təmin olunub.

Maraqlıdır ki, xorvatiyalı mütəxəssis hazırda Azərbaycanda deyil. Qanunlarımıza görə, ölkədə olmayan şəxsin çıxışına məhdudiyyət qoyulursa, həmin şəxs hər hansı vaxt Azərbaycana gələrsə, onun ölkədən çıxışı qadağan edilir.

Xatırladaq ki, Sopiç 2019-2020-ci illərdə “Sabah”ın baş məşqçisi olub. 

***

Jelko Sopiç “Qafqazinfo”ya açıqlamasında məsələ ilə bağlı bunları deyib:

“Klubdakılar bilirlər ki, mən orada olanda bütün vergiləri və hər şeyi ödəmişəm.  Korona dövründə ölkədən gedəndə sonra nə olduğunu bilmirəm.  Üç ildən sonra kimsə deyir ki, mənim 2000 avro və ya daha cox  borcum var. Nə? İndi 2000 avronu ödəməyib qaçacam?.  Gülməli vəziyyətdir. Əgər ödəməliyəmsə, dərhal ödəyəcəm. Amma vəkilim səbəbini öyrənəcək”.

 

Amin Nəzərli