Sabiq Baş nazir Həsən Həsənov Sabirabada getdi - Fotolar

sabiq-bas-nazir-hesen-hesenov-sabirabada-getdi
Oxunma sayı: 9293

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 3-cü hissəsi Sabirabad şəhərində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 3-cü hissənin mövzusu Ulu Öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü əhatə edib.

Görüşün Sabirabad şəhərində keçirilməsinin əsas səbəbi Heydər Əliyevin yalnız Sovet zamanında Sabirabada 14 dəfə səfər etməsidir.

Sabirabad şəhərində keçirilən tədbirdə Azərbaycanın sabiq Baş naziri, xarici işlər naziri Həsən Həsənov "Heydər Əliyev Siyasi Məktəbi"nin iştirakçıları ilə görüşüb.

Həsən Həsənov ümummilli lider Heydər Əliyevin idarəçilik keyfiyyətləri və Sovet Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, ədəbiyyatına verdiyi misilsiz töfhələrdən danışıb.

Gənclərin "Heydər Əliyev 1993-cü ildə ha­kimiyyətə gəlməsəydi, Azərbayca­nın taleyi necə olardı?" sualına cavab olaraq bildirib ki: “Yaranmış gərginlik arta və nəticəsi acınacaqlı, hətta xalqımız üçün çox faciəvi ola bilərdi. Daxildə parçalanma daha da sürətlənmişdi. Vətəndaş müharibəsi geniş miqyas ala bilərdi. Sonralar Heydər Əliyevin hakimiyyətə qayıdışını parlamentdə müzakirə edib, o günü bayram elan etmək istəyəndə, bəziləri deyirdi ki, “nə üçün biz onun qayıdış tarixini Qurtuluş Günü kimi qeyd etməliyik? Biz nədən qurtulmuşuq?” Onda mən parlamentdə çıxış etdim və bu günün nə üçün bayram kimi qeyd edilməsini şərtləndirən 25-dən çox səbəb göstərdim.

Heydər Əliyev gəlməsəydi, bəlkə də Azərbaycandan sınıq-salxaq vəziyyətdə nəsə qalardı, bəlkə də heç nə qalmazdı”.

O, eyni zamanda Heydər Əliyevin çoxillik titanik fəaliyyətinə həsr etdiyi yeni kitabını gənclərə hədiyyə edib. 

Daha sonra görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma  Hüseynova layihə iştirakçılarını çay süfrəsinə qonaq edərək Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

F.Hüseynova SSRİ Ali Sovetinin deputatlığına namizədliyinin irəli sürülməsində maraqlı məqamın yaşandığını xatırladıb:

“Həmin vaxt Gəncədə, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdum, tətilə gəlmişdim. Bir gün Heydər Əliyev yenidən bizim rayona, təsərrüfatımıza gəldi. Dedi ki, qızım, səndən sənəd almadılar? Cavab verdim, xeyr.

Birinci katib Məmmədov da bizim yanımızda idi. Dedi, axı tapşırmışdım ki, bu qızın sənədlərini hazırlayıb SSRİ Ali Sovetinin deputatlığına namizədliyini verin, niyə etməmisiniz? Katib cavab verdi ki, axı, o, Azərbaycanın deputatıdır, onun yerinə başqasının sənədlərini  hazırlamışıq. Heydər Əliyev dedi ki, çox səhv etmisən, necə ola bilir, mən həm Azərbaycanın, həm SSRİ-nin deputatı ola bilirəm, amma bu qız yox?!  Görün, Heydər Əliyev necə gözəl insan və necə böyük şəxsiyyətdir ki, mənimlə özündə fərq görmürdü.

Sonra bir gün SSRİ Kommunist Partiyasının 25-ci qurultayında iştirak etmək üçün Moskvaya gedirdik, özü də qatarla. Mühafizəçisi gəldi və dedi ki, yoldaş Əliyev sizi çağırır. Günorta, nahar vaxtı idi. Biz də həyəcanla soruşduq ki, görəsən, niyə çağırır, dedi ki, nahara dəvət edir. Durduq, getdik, bir tərəfində məni, bir tərəfində də Tərlan Musayevanı əyləşdirdi. Bizim xətrimizi çox istəyirdi.

Biz də utandığımızdan onun yanında çörək yeyən idik?! Süfrədə təzə xiyar vardı, götürdüm onu o tərəf, bu tərəf eləməyə. Sən demə, Heydər Əliyev də fikir verirmiş, dedi ki, siz yeməsiniz, mən də yeməyəcəyəm. Dedi ki, fiqura saxlayırsınız, niyə yemirsiniz? (gülür). Siz yeməsəniz, onda mən də nahar etməyəcəm. Çəkinə-çəkinə pendirdən bir az kəsib götürdüm, dedim ki, yoldaş Əliyev, vallah, süfrə başından durub gəlmişik, ona görə yemirik...

Artıq Sosialisit Əməyi Qəhrəmanı seçilmişdim, SSRİ Ali Sovetinin deputatı idim. Bir gün SSRİ Ali Sovetinin sessiyası idi. Artıq Heydər Əliyev onda Siyasi Büroda idi. Amma hər sessiyada bizimlə mütləq görüşər, hal-əhval tutardı”.

Qeyd edək ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, ulu öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək. Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və sonuncu dövr isə ulu öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.

Eyni zamanda, “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək və onlara mentorluq ediləcək.