Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin Naxçıvan şəhərində açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Ulu Öndər Heydər Əliyevin çalışdığı bütün dövrlərdə və bütün həyatı boyu xalqımızı hüquqlarını qoruduğunu bildirib.
O qeyd edib ki, məhz Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi üçün bölgə işğala məruz qalmayıb, ağır sosial-iqtisadi vəziyyətdən çıxıb. İlk dəfə olaraq üçrəngli bayrağımız Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olunub. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.
AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev layihənin 1-ci hissəsinə uyğun olaraq Heydər Əliyevin gənclik və tələbəlik illəri barədə geniş məlumat verib. Heydər Əliyevin müəllimləri Lətif Hüseynzadə, Şeyx Məhəmməd Rasizadə, Tofiq Bəktaşı, Həsənbəy Qazıyev və tələbə dostları ilə münasibətləri barədə heç bir yerdə yazılmayan xatirələrdən danışıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə Ümummmilli Lider Heydər Əliyevin təhsil və elmin inkişafına verdiyi töhfələrdən, elm xadimlərinə verdiyi dəstəkdən danışıb.
Layihə iştirakçıları Heydər Əliyevin tələbəlik və gənclik illərini əks etdirən eksponatlar, materiallarla tanış olublar, onun təşəbbüsü ilə inşa edilən obyektlərə baş çəkiblər.
Tədbirin ən maraqlı anı isə Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri olduğu zaman köməkçisi vəzifəsində işləmiş Ramiz Məmmədovun Sabirabadlı gəncləri Heydər Əliyevin iş otağı ilə tanış etməsi və xatirələrini danışması olub.
Tədbirin ikinci hissəsində 2-ci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Arzu Tairquliyeva-Nağıyeva layihə iştirakçılarına “Şəxsi inkişaf proqramı nə üçün lazımdır?” və “Şəxsi inkişaf alətləri nələrdir?” mövzusunda təlimlər keçiblər.
Qeyd edək ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək. Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.
Eyni zamanda, “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək və onlara mentorluq ediləcək.




Son xəbərlər
Son Xəbərlər