Bu gün Sabunçu Rayon İcra Hakimiyyətində “20 Sentyabr-Azərbaycanın Dövlət Suverenliyi Günü” ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad edib.
Dövlət Himni səsləndirildikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 sentyabr tarixi Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu əlamətdar tarixin önəmindən söz açan A.Vəliyev vurğulayıb ki, 44 günlük Vətən Müharibəsindən sonra torpaqlarımız işğaldan azad olunsa da, ərazilərimizin suverenliyi tam şəkildə təmin olunmamışdı. Lakin 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin edib. Qeyd olunub ki, bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Tədbirdə çıxış edən III qrup Vətən Müharibəsi qazisi Mərhəməd Şahverdiyev bildirib ki, 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir. Onun rəhbərliyi altında dövlətimiz uzun illər, əsrlər boyu qarayara kimi hər zaman xalqımıza, dövlətimizə əzab verən erməni separatçılığının kökünü kəsdi, suverenliyini tam bərpa etdi. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.