Sabunçuda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

sabuncuda-heyder-eliyev-ve-azerbaycan-dili-movzusunda-deyirmi-masa-kecirildi
Oxunma sayı: 1981

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova açılış nitqiylə çıxış edərək bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli liderin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəldib. Məhz 1970-ci ildə BDU-nun 50 illik yubileyində Ulu öndərin Azərbaycan dilində çıxışı ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.