Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim ediblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verib: “Rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə ediblər. Təqdim olunmuş 154 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilib. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib”.
Tədbir Bakı Gənclər Mərkəzinin “Asiman” rəqs qrupunun ifasında rəqslə davam edib.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komissiya üzvləri və fərqlənən 10 referat müəllifi olan məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.




Son xəbərlər
Son Xəbərlər