Sabunçuda Vətən müharibəsi şəhidləri anıldı - Fotolar

sabuncuda-veten-muharibesi-sehidleri-anildi
Oxunma sayı: 1580

27 sentyabr - Anım Günü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şah dərgahı” mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi qaziləri və  şəhid ailələrinin üzvləri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi, şanlı zəfər əldə etdi: “Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaq”.

Daha sonra Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən şəhidlərin əziz ruhuna dualar oxundu.