Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə nitqi ilə çıxış ediblər.
Vəkil Fəxrəddin Mehdiyev çıxış edərək deyib ki, Saday Şəkərlinin əməlində cinayət tərkibi yoxdur və onun barəsində bəraət hökmü verilməlidir: "Saday Şəkərli hesab edir ki, onun həbsi yazdığı "Qurd ürəyi" hekayəsi ilə bağlıdır".
Saday Şəkərliyə son söz üçün çıxış etmək təklif olunub. O isə ittihamları saxta adlandırıb.
Məhkəmənin hökmü ilə Saday Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyi nin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdü.
Son xəbərlər
Son Xəbərlər