Sağalacaqmı?..

sagalacaqmi
Oxunma sayı: 1722


Azərbaycan cəmiyyəti Ukraynada keçirilən demokratik seçkilərdən sevincək olub. Sosial şəbəkələr Ukrayna xalqını tərənnüm edən paylaşımlarla doludur. Hətta siyasətçilərimiz yeni seçilən prezidentlə çəkdirdiyi şəkilləri yayıb, ürəkdolusu xeyir-dua verirlər. Eyni üsulla Gürcüstanda, Türkiyədə keçirilən seçkilər də tərənnüm olunub. 

Sonradan isə demokratik seçkinin qalibləri onların uğuruna sevinən müxalifət liderlərini heç saymır da, əksinə, mühüm məqamlarda hakimiyyətin yanında olurlar. Bununla belə, istənilən ölkədə demokratiyanın qələbə çalmasına sevinməmək olmur. Nə olsun ki, biz o demokratiyanın, şəffaf seçkinin nə demək olduğunu bilmirik...

Bəli, Azərbaycan cəmiyyəti yalnız xaricdə gördüklərinə sevinir. Çünki özünün uğuru yoxdu. Ölkə olaraq sonuncu dəfə hansı uğura imza atmışıq? Hansı məsələdə xalq olaraq həyəcanla nəticə gözləmişik, küçələrə tökülüb sevinclə uğuru qeyd etmişik? Avroviziya mahnı müsabiqəsindəki uğurdan başqa heç nə yoxdu ortada. Ən son “Atletiko” klubunun qələbəsini gözləyirdik, onda da “Land of fire Azerbaijan” üçün tökülən pulların bərəkəti olmadı. Lap klub qazansaydı belə, bunun ölkə üçün hansısa əhəmiyyəti olmayacaqdı. 

Bu məsələdə həmkarım Natiq Cavadlının fikirləri ilə tam razıyam, Azərbaycan cəmiyyəti qısırlaşıb, dünyaya heç nə gətirə bilmir. Ona görə də siyasi repressiyaların, həbslərin, ölüm və intihar xofunun ağuşuna düşüb. Siyasi çəkişmələrdən tutmuş məişət söhbətinə qədər heç bir məsələdə insanları silkələyəcək, oyadacaq nəsə yoxdur. Hətta reklam çarxlarında belə durmadan “şok” sözünü vurğulayırlar ki, bəlkə heç olmasa tərpəniş effekti əldə edə bilsinlər. Məsələn, “filan hadisənin şok təfərrüatları”, “şok endirimlər” və s. Şoka düşmüş millətə “şok” sözünün təsir gücü isə sıfırın altındadı. 

Buna görə də xalq olaraq secki ehtiraslarımızı yalnız başqa ölkələrlə söndürəcəyik. Hətta Əfqanıstanda belə demokratik yolla seçki keçirildiyini deyib təəssüflənəcəyik. 

Yenə də təsəlli tapmaq olar, hələ təəssüf hissini itirməmişik. Hələ “bizdə niyə ondan yoxdur?” deyə bilirik. Bu, ölüm yatağında olan insanın qoşulduğu aparatlara verdiyi təpkisi kimi bir şeydir. Həyata qayıdacaqmı, yaxud öləcəkmi, bunu orqanizminin gücü göstərir. Azərbaycan cəmiyyəti də indi sərhədin o tayında gördüyü demokratiyaya bağlanmış xəstədir. Sağalacaqmı?...